İngiltərə millisi Qətərdən evə kubok gətirə bilmədi, əvəzinə pişik gətirdi
“Deyv” həmişə ingilislərlə dolanırdı, onu yedizdirir və hər axşam onunla oynayırdılar
İngiltərə komandası Qətərdə keçirilən Dünya Kubokunun 1/4 finalında Fransanı məğlub edə bilmədi və evə arzulanan kuboku gətirə bilmədi. Lakin oyunçuların turnir zamanı dostlaşdıqları pişiyi – “Deyv”i gətirəcəklər.
Xallı zolaqlı küçə pişiyi “Deyv” demək olar ki, dərhal Vakra şəhərindəki məşq bazasında oyunçuların sevimlisi oldu və komandanın qeyri-rəsmi maskotuna çevrildi.
“Mançester Siti”nin oyunçuları Con Stounz və Kayl Uoker komandanın dünya çempionu olacağı təqdirdə onu evlərinə aparacaqlarına dərhal qərar verdilər, lakin fransızlara uduzduqdan sonra belə, futbolçular daha pişiklə ayrıla bilməyəcəklərinə qərar verdilər.
Milli komandanın Qətərdə olduğu həftələr ərzində “Deyv” həmişə ingilislərlə dolanırdı - onu yedizdirir və hər axşam onunla oynayırdılar. Stones və Uoker “Deyv”ə xüsusilə bağlandılar, müntəzəm olaraq sosial mediada onunla bağlı postlar və şəkillər paylaşdılar.
Pişiyə yeni ləqəbi verən Stounz "Biz çatan kimi “Deyv” ortaya çıxdı" dedi. Hətta 1/4 finala az qalmış mətbuat konfransında millinin futbolçularından pişiyin taleyi soruşulub.
Kayl Uoker jurnalistlərə bildirib: "O, dünən gecə başqa bir pişiklə kiçik münaqişə yaşadı. Düşünürəm ki, onlar ərazi və yemək üstündə döyüşüblər. Amma o, yaxşı döyüşdü".
Qətər günəşini ingilis sərinliyi ilə dəyişdirəcək “Deyv” dərhal milli komanda oyunçularına qoşulub Londona uça bilmədi - əvvəlcə onu yerli baytarlıq klinikasına apardılar, orada yoxlanılacaq və peyvənd ediləcək, bundan sonra pişik karantində dörd ay keçirəcək.
"Futbol evə qayıtmasın, amma “Deyv” qayıdacaq", - deyə Britaniya mətbuatı yazır.
Böyük Britaniyanın Baş nazirinin Dauninq-stritdəki iqamətgahının baş siçantutanı pişik “Larri” artıq “Deyv”i salamlayıb. “Deyv” komandamıza xoş gəldin”, - deyə o, sosial şəbəkə hesabında yazıb.
(BBC)