“Vəziyyəti dəyişmək üçün yeganə şans saray çevrilişidir”
Putin Ukraynaya qarşı yeni və nəhəng hücum dalğasına hazırlaşır – 1 milyonadək əsgər...
Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə göndərmək üçün 200 min əsgər hazırlayır. Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib. Onun sözlərinə görə, işğalçılar Kiyevi tutmaq üçün növbəti cəhd edəcəklər.
“Rus səfərbərliyi nəticə verdi. Onların problemlərinin dəhşətli olması bu insanların savaşmayacaqları anlamına gəlmir. Onlar döyüşəcəklər. Çar onlara döyüşə getməyi əmr edir, onlar da döyüşə gedirlər. İki çeçen müharibəsinin tarixini öyrəndim - hər şey eynidir. Ola bilsin ki, onlar yaxşı təchiz olunmayıblar, amma yenə də bizim üçün problem yaradırlar. Bizim hesablamalarımıza görə, onların 1,2-1,5 milyon nəfərlik ehtiyatı var. Ruslar 200 minə yaxın yeni əsgər hazırlayır. Onların yenidən Kiyevə hücum edəcəyinə şübhəm yoxdur”, - deyə Zalujnı “The Economist”ə bildirib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə “The Guardian” qəzetinə müsahibəsində söyləyib ki, Rusiya Ukraynaya qarşı müharibənin bir hissəsi olaraq fevral ayında yeni hücum dalğasına başlaya bilər. Fevral ayına olan proqnoz səfərbər edilmiş əsgərlərin hazırlanması ilə bağlıdır.
“Qismən səfərbərlik deyilən tədbirlər çərçivəsində Rusiya 300 minə yaxın insanı orduya çağıra bilib. Onlardan Moskva artıq 150 minini bölmələrini gücləndirmək üçün istifadə edir, daha 150 min nəfər isə gələcək hücumlara diqqətlə hazırlaşır. Səfərbərliyə alınanların ikinci hissəsi - təxminən 150 min nəfər müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Onlar ən azı üç ay hazırlanır. Bu, o deməkdir ki, onlar böyük ehtimalla, keçən il olduğu kimi, fevralda növbəti hücum dalğasına başlamağa çalışacaqlar. Bu, onların planıdır”, - deyə nazir vurğulayıb.
Reznikov deyib ki, Rusiya öz vətəndaşlarını daha da səfərbər etməyə davam edəcək: “Çünki rusların əsas taktikası “ətçəkən maşın”dır və daha kiçik Ukrayna ordusunu məğlub edəcəkləri ümidi ilə mümkün qədər çox insanı döyüşə atırlar. Kreml qələbəyə nail olmaq üçün yeni həll yolları tapmağa çalışır”.
Üzücü xəbərdir. Belə çıxır ki, Kreml hələ də geri çəkilmək barədə düşünmür? Bütün bunlar necə bitə bilər? Adi rusların müharibəyə yeni çağırışları nə vəd edir? Bu, mərkəzi hakimiyyətə qarşı kütləvi etirazlara çevrilə bilərmi? Əgər bu hal baş verməsə, Ukraynanın yeni qüvvə ilə irəliləyən təcavüzkarları dayandırmaq üçün kifayət qədər gücü və texnikası olacaqmı?
AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.
İsrailli hərbi ekspert David Gendelman:
“Rusiya hələ geri çəkilmək niyyətində deyil. Cəbhədə hücum səylərinin davam etdirilməsi, ehtiyatın səfərbər edilməsi, müdafiə sənayesinin tədricən hərbi relslərə köçürülməsi, Ukraynanın infrastrukturuna hücumlar - bütün bunlar uzun sürəcək müharibənin elementləridir.
Müvafiq olaraq, Ukrayna da cəbhəyə yeni qüvvələr göndərməli olacaq, Ukraynada yeni səfərbərlik dalğası da mümkündür və Qərb bütün diapazonda silah tədarükünü genişləndirməlidir, əks halda Ukraynadakı vəziyyət qibtəedilməz olacaq”.
Rusiyalı politoloq, Post-Sənaye Cəmiyyətinin Tədqiqatları Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vladislav İnozemtsev:
“Rusiyanın geri çəkilmək niyyətində olmadığı fikri ilə razıyam. Putinin müharibəni maliyyələşdirmək üçün böyük potensialı var. Mən daim deyirəm ki, Rusiyanın daxili bazarında ehtiyatlar ona sonsuz maliyyə verir və onun nə bu il, nə gələn il, nə də 2024-cü ildə büdcə ilə bağlı problemi olacaq.
Rusiyada etirazlar da hələ gözlənilmir. Əksinə, hətta bəzi tanışlarımın fikrincə, deyərdim ki, bu müharibəyə dəstək artmağa başlayır. İnsanlar qəzəblənir, ukraynalıları düşmən hesab edirlər və ona görə də hesab edirəm ki, bu sahədə də heç bir problem yoxdur.
Putin üçün əsas problem ordunun döyüş effektivliyidir. O, həqiqətən də Kiyevə zərbə vurmaq üçün yeni “yumruq” yarada bilərmi? Rusiya kifayət qədər silah istehsal etməyə qadirdirmi? Burada əsas suallar var. Amma hər halda, hələ ki, müharibəni dayandırmaq istəyi görmürəm. Erkən yazda cəbhədə hansı uğur və ya uğursuzluq olacağından asılı olaraq, müharibə ən azı yaya qədər davam edəcək.
Ukrayna tərəfinə gəlincə, mən hesab edirəm ki, onun Rusiyanın hücumlarını dəf etmək əzmi var, əlbəttə. Ukrayna daim Qərb silahları və sursatları ilə yenidən silahlanır və bu proses kifayət qədər sabit inkişaf edir. Buna görə də, düşünürəm ki, bu, uzun müddət davam edəcək belə bir növ ətçəkəndir.
Rusiyanın itkiləri sözsüz ki, ağır olacaq, amma həqiqətən də, Ukrayna rəsmilərinin dediyi kimi, Moskvanın gələn il 1 milyona qədər insanı səfərbər etmək gücü var. Bu, doğrudur. Və mən hesab edirəm ki, situasiyanı dəyişmək üçün yeganə şans bir növ saray çevrilişidir - o zaman ki, elita həqiqətən Putinin onları dalana apardığını başa düşür.
Amma bunun baş verib-verməyəcəyi, nə vaxt olacağı ilə bağlı heç bir proqnoz vermək olmaz. Cəmiyyətə gəldikdə isə, təkrar edirəm, o, tamamilə inertdir və buna görə də Kreml problem gözləməməlidir”.