Tayvandan Ukraynaya ölümə gedənlər: “Rusiya qalib gəlsə, Çin də bizi işğal edəcək” - FOTO

Tayvandan Ukraynaya ölümə gedənlər: “Rusiya qalib gəlsə, Çin də bizi işğal edəcək” -

“Mənə dedilər ki, bu müharibədə ölməməliyəm, çünki qayıdıb öz vətənimi də müdafiə etməliyəm”

Lvovdakı kilsələrin birində Zenq Şenq Quanqın anası oğlunun cəsədinə sonuncu dəfə baxır. O, tabutda yatır.

Qadın bura qohumları ilə gəlmişdi və ukraynalılar da anım mərasimində iştirak edərək, evindən minlərlə kilometr aralıda, heç vaxt getmədiyi bir ölkə uğrunda gedən döyüşdə həlak olmuş bir insanı yad edirlər.

"Zenq Şenq Quanq, oğlum, istəyirəm biləsən ki, sən çox cəsarətli idin" deyir ana və əlavə edir: "Sən həmişə mənim oğlum olacaqsan, mən səninlə fəxr edirəm".

Zenq Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunda xidmət edib. Noyabr ayında Donetsk vilayətinin Liman şəhəri yaxınlığında öldürüldü və bu müharibədə ölən ilk tayvanlı oldu.

Zenq Şenq Quanqın ölümündən sonra Tayvanın Xarici İşlər Nazirliyi onun "Ukraynanın azadlığı uğrunda mübarizədə həyatını qurban verdiyini" bəyan etdi.

Dünyanın hər yerindən minlərlə əsgər müharibə üçün Ukraynaya gəlir, lakin indiyədək Tayvandan buraya cəmi on nəfər gəlib. Eyni zamanda, Rusiyanın işğalı Tayvanda böyük rezonans doğurdu - baxmayaraq ki, bu müstəqil ada Ukraynadan çox uzaqda yerləşir.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanı güc yolu ilə ilhaq etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Lakin Tayvan özünü Çin hakimiyyətindən müstəqil hesab edir.

ABŞ Konqressinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu yaxınlarda adaya səfəri Pekini hiddətləndirdi və Tayvan körfəzində gərginlik daha da artdı. Çin körfəzdə genişmiqyaslı hərbi təlimlər keçirdi.

İnternet vasitəsilə Zenq Şenq Quanqla dostlaşan Semmi Lin mərhumun Ukraynanın işğalı hekayəsinin Tayvanda təkrarlanmasından qorxduğunu bildirib: “Yadımdadır, o, dostlarına rusların ukraynalıları ələ salıb onları öldürməsinə baxanda sakit otura bilməyəcəyini demişdi. Zenq indiyə qədər tanış olduğum ən layiqli insanlardan biri idi”.

Tayvanda hərbi xidmət məcburidir. Hərbi xidmətdə olanlar isə Ukrayna Beynəlxalq Legionuna qoşulmaq üçün müraciət edə bilərlər. 28 yaşlı Cek Yao tayvanlı könüllülərdən biridir. O, Ukraynaya Prezident Zelenskinin xarici könüllülərə müraciətindən üç gün sonra gəlib. Taybeydən Polşaya, sonra isə Kiyevə keçib.

"Keçən ildən bəri mən vəziyyəti, xüsusən də Rusiyanın Ukrayna sərhədinə çoxlu sayda hərbçi və tankı necə yığdığını izləyirəm. Heç kim işğalın baş verəcəyinə inanmırdı. Tayvanda və burada vəziyyət çox oxşardır. Düşündüm ki, Ukraynaya nə kömək edə bilərəm...”, - deyə o BBC-yə bildirib.

Cek Yao Gürcü Legionuna (Ukrayna könüllü birləşmələrinin tərkibində) qoşulub və yaxın döyüş elementləri ilə kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə başlayıb. O, Ukraynaya gələndə ruslar hələ də Kiyevi almağa çalışırdılar: “Çoxlu bombardımanlar və atəşlər oldu, ruslar Buçada idi. Missiyaların birində mən bizim oğlanların partlayış nəticəsində necə həlak olduqlarını gördüm. Bomba onların arxasında, təxminən 50 metr məsafədə partladı”.

Döyüşdən boş vaxtlarında Cek həmkarları ilə Tayvandakı vəziyyəti müzakirə edib: "Uşaqlardan biri əvvəllər Tayvanda yaşayıb və vəziyyətdən xəbərdar idi. Tayvan və Ukrayna qardaş kimidir. Vəziyyət 100% eynidir. Mənə dedilər ki, bu müharibədə ölməməliyəm, çünki mən qayıdıb vətənimi müdafiə etməliyəm".

Yao artıq Tayvana, öz qəhvə biznesinə qayıdıb. Lakin başqaları mübarizələrni davam etdirirlər.

Ukrayna xeyriyyə təşkilatı üçün bu yaxınlarda çəkilən videoda iki tayvanlı motivlərini izah etdi. Onlar əllərində Tayvan bayrağı ilə “Ukraynalıları qorumaq üçün gəldik” deyirlər.

"Ancaq biz qorxuruq ki, Rusiya qalib gəlsə, Çin də Tayvanda da eyni şeyi edəcək. Biz Ukraynaya gəlib onun xalqının təhlükəsizliyi üçün canımızı və azadlığımızı qurban verməyə hazırıq", - deyə tayvanlı könüllülərdən biri əlavə edir.

Ancaq hamı geosiyasət mülahizələrini rəhbər tutmadı. İyun ayında tayvanlı Li Çenlinq BBC Çin Xidmətinə demişdi ki, o, "layiqli bir həyat" yaşamaq istədiyi üçün müharibəyə gedib. Çin Tayvanı işğal etsə, onun döyüşmək istəyi Tayvan hökumətinin və ABŞ-ın davranışından asılı olacaq.

ABŞ Prezidenti Co Bayden dəfələrlə Çinin hücumu halında Vaşinqtonun Tayvana kömək edəcəyini bildirib. Bununla belə, Vaşinqton rəsmi olaraq “strateji qeyri-müəyyənlik” siyasətinə sadiqdir – yəni adanı qorumağa birbaşa söz vermir, lakin belə bir ehtimalı da istisna etmir.

Noyabr ayında Bayden Çinin Tayvana hücumunun tezliklə mümkün olacağını düşünmədiyini söylədi. O, bu barədə Balidə keçiriləcək G20 sammiti ərəfəsində Çin lideri Si Sinpinlə şəxsi görüşündən sonra bildirib.

Tayvan İctimai Rəy Forumundan sosioloq Paul Huan deyir ki, ümumiyyətlə, tayvanlılar Çinlə müharibə ehtimalına fərqli yanaşırlar. "Maraqlıdır ki, getdikcə daha çox insan onlara əhəmiyyət vermədiyini söyləyir. Ukrayna məsələsində gördüyümüz kimi, insanların hər hansı bir hadisə ilə bağlı narahatlığının səviyyəsi heç bir şəkildə onun ehtimalına təsir göstərmir və bizə buna hazır olmaq barədə heç nə demir".

Zenq Şenq Quanqın anası yas içindədir, lakin oğlunun Ukrayna uğrunda başqaları ilə döyüşmək qərarı ona təsəlli verir: "Mən bilirəm ki, Zenq Şenq Quanq son anlarında ən cəsur döyüşçülərlə birlikdə vuruşdu, onlar bir-birinə dəstək oldular və ölüm-dirimdə birlikdə oldular... Bu, məni incitsə də, mənim üçün təsəllidir".

(BBC)