“Sizin dəstəyiniz İran imperializmindən qurtulmaq üçün bizi ruhlandırır”
Güneydən Şimala qaçan soydaşlarımıza pasportlar verildi və onlar Azərbaycan vətəndaşı oldular
1975-ci il. Heydər Əliyev Güney Azərbaycan Demokratik Firqəsinin Mərkəzi İcariyyə Komitəsinin üzvlərini qəbul edərkən.
Bu görüşdən sonra "Azərkitab" Təbrizə ana dilində 5 min, AMEA isə 900 kitab göndərdi. Bu kitablar Azərbaycan folklorundan, ədəbiyyatından, mədəniyyətindən, qəhrəmanlıq dastanlarından ibarət idi. Çünki ədəbiyyat ana dilinin, milli mədəniyyətin yaşaması üçün ən böyük silahdır.
Heydər Əliyevin digər məqsədi güneyli soydaşlarımızın o zamankı Azərbaycan gənclərinin yaradıcılığı ilə tanış edib, onları bura inteqrasiya etmək idi.
Bu görüşdən sonra, Güney Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Şimali Azərbaycanın müxtəlif bölgələrinə qaçaq düşmüş güneylilərə sovet Azərbaycanı pasportları verildi və onlar Azərbaycan vətəndaşı oldular. Onlara ev, topaq və s. verilməyə başlandı.
Daha sonra Heydər Əliyev Güneydən pənah gətirmiş şairləri, alimləri qəbul etdi. Onların istər Elmlər Akademiyasında, istər Yazıçılar Birliyində işləmələrinə şərait yaradıldı. Həmin şairlərə, yazıçılara tapşırıldı ki, İran Azərbaycanı mövzusu daim gündəmdə saxlanılsın.
Bütün bu fəaliyyətlərdən sonra Güney Azərbaycan Demokrat Firqəsinin rəhbəri Qulam Yəhya Danişiani o zaman birinci katib Heydər Əliyevə 109 nömrəli rəsmi məktubunda yazırdı: “Partiyamız adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər üçün Sizi təbrik edirik. Sizin bizə dəstəyiniz bizi İranın irtica imperializmindən qurtulmaq üçün mübarizəmizdə ruhlandırır”.
İndi bildinizmi, İran niyə Heydər Əliyevdən çəkinirdi həmişə?
P.S. Neçə gündür gözləyirdim, bir hökumət tarixçisi yazsın bunları. Yazmırlar, təbliğ etmirlər. Ancaq qoyasan, şablon-şablon sözlər danışalar. Tarixi ortalığa qoymaq lazımdır.
Müəllif: Şəhla Cabbarlı (tarixçi)
Mənbə: “Facebook”