Tədbir, yoxsa tale?
Bir çox təbii fəlakətlərin qarşısında Adəm övladı acizdir
Hələ gənc yaşlarımdan xəbərlər proqramlarında tez-tez rast gəldiyim bir məsələyə diqqət edirdim – məsələn, Banqladeşdə, Nigeriyada avtobus, qatar qəzası baş verir, onlarla insan həlak olur, amma İsveçdə, Norveçdə, Avstriyada eyni şiddətli qəzalar minimum insan təlafatı ilə bitir və ya, Afrika, Asiya, Latın Amerikası ölkələrində böyük binalarda yanğınlar baş verəndə çox saylı insanlar ölür, yaralanır, amma Avropada eyni yanğınlarda təlafat çox az olur.
Bu məsələləri incələyəndə görürsən ki, bir çox hallarda insan ölümünə səbəb qəzaların, yanğınların özü deyil də, buna hazırsızlıq, vətəndaşların bilgisizliyidir. Məsələn, İsveçdə əgər avtobusa 40 nəfərdən artıq minmək olmazsa, bu qaydanı pozmaq mümkün deyilsə, Banqladeşdə avtobusun damına da minirlər. Və ya Norveçdə binaların yanğın zamanı təxliyyə planı ilə bağlı tez-tez məşqlər keçirilir, hər kəs necə davranacağını öncədən bilir, amma Nigeriyada yanğın zamanı hadisənin özü yox, insanların davranışları daha çox ölümlərə səbəb olur.
Qısa haşiyə: Çox maraqlı Norveç filmi var: “Dalğa” adlanır. Qısa məğzi budur ki, ölkənin şimalında çox gözəl təbiəti olan, sahildə yerləşən bölgələrin birində dağ massivlərinin uçqun zamanı 80 metr hündürlüyündə sunami yarada biləcəyini öncədən elmi araşdırmalarla müəyyən ediblər. Kurort şəhərciyinin bütün sakinləri bunu bilir, öncədən elmi araşdırmalarla uçqun baş verəndən sonra dalğanın şəhərə 10 dəqiqəyə çata biləcəyini hesabladıqları üçün ildə 2 dəfə təlim keçirirlər, hər kəs həmin 10 dəqiqədə nə etməli olduğunu yaxşı bilir. Şəhərcikdə lüks otel də var, oteldən qonaqların təxliyyəsini 10 dəqiqədə başa çatdırmaq üçün tədbirlərlə yanaşı, zaman çatmadıqda, otelin zirzəmisində su keçirməyən və bir müddət sağ qalmaq üçün nəzərdə tutulan bunkerlər də var. Xülasə, dağ silsiləsi üçmağa başlayan zaman tez siqnal verilir, şərər təxliyyə olunur, minlərlə insan xilas olur, amma həmin otelin bunkerində də bir neçə nəfər qalır, onları da sonradan xilas etmək mümkün olur, yəni, təbir və məşq minlərlə can qurtarır.
Bir çox təbii fəlakətlərin və ya insan faktorundan doğan hadisələrin qarşısında Adəm övladı acizdir - nə öncədən bilə, nə də tam hazır ola bilər. Amma tədbir, qanunların və qaydaların sərt tədbiqi, insanların bilgiləndirməsi can qurtarır, xilas edir, faciələrin qarşısını almağa imkan və fürsət yaradır.
Ona görə də Allahın, Yaradanın bizə bəxş etdiyi ən gözəl nemət olan ağlımızı işlətməyi öyrənməliyik ki, tale deyib keçməyək, tədbirli olub sağ qalaq...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”