Məşhur siyasətçi 20 şüşə arağın “zibilinə düşdü”
“O, mənə ad günüm üçün 20 şüşə araq, mən də ona bir neçə şüşə lambrusko göndərdim”
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Rusiya Orezidenti Vladimir Putindən ad günü hədiyyəsi olaraq 20 şüşə araq qəbul etməklə, Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi hücumuna görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozub. Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.
Mühafizəkar “İrəli, İtaliya” partiyasının millətçi “İtaliya Qardaşları” və sağçı populist “Liqa”sı ilə koalisiya yaratmaq niyyətində olan Berluskoni ötən həftə Putinlə münasibətlərini bərpa etdiyini və qeyd etdiyi kimi, hətta bir az da irəli getdiyini söyləyib: “Hər ikimiz bir-birimizə hədiyyələr vermişik. O, mənə ad günüm üçün (sentyabrda) 20 şüşə araq və çox mehriban məktub göndərib. Mən də cavabımda ona bir neçə şüşə lambrusko və xoş məktub göndərdim”.
Berluskoni bunu “İrəli, İtaliya”nın qalib gələn deputatları ilə görüşdə bildirib. Bu görüşün audio yazısı oktyabrın 18-də “LaPresse” tərəfindən yayılıb.
Öz növbəsində, "İrəli, İtaliya" partiyasında butulka mübadiləsi hekayəsinin 2008-ci ildə baş verdiyini iddia edirlər. Bu arada səs yazısında Berluskoni deyir ki, Rusiya nazirləri Qərb dövlətlərini Rusiyaya qarşı müharibəyə başlamaqda ittiham ediblər, çünki onlar “Ukraynaya silah və pul verirlər”.
Avropa Komissiyasının nümayəndəsi diqqətə çatdırıb ki, Aİ-nin bu ilin aprelində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinə əsasən, Rusiyadan Avropa İttifaqına spirtli içkilərin idxalı qadağandır. Qadağa hədiyyələrə də şamil edilir, baxmayaraq ki, bu sanksiyalara əməl edilməməsinə görə cəzalar məsələsi hər bir Aİ ölkəsinin fərdi işidir. İtaliya hakimiyyətinin bu işdə hansısa addım atmaq niyyətində olub-olmadığı hələlik bəlli deyil.
“Reuters”in məlumatına görə, Putinin bağışladığı araq hekayəsi Romada gələcək hökumətin Rusiyaya qarşı hansı kursu davam etdirəcəyi sualını yaradır. İtaliyanın yeni Baş naziri olacağı ehtimal edilən “İtaliya Qardaşları” təşkilatının rəhbəri Corcia Meloni bir gün əvvəl Berluskoninin sözlərini şərh edib. O, yeni hökumətin NATO-nu dəstəklədiyini və özünü tam Avropanın bir hissəsi kimi qəbul etdiyini bildirib.
Xatırladaq ki, sentyabrın 29-da Silvio Berluskoninin 86 yaşı tamam oldu.
(DW)