Kreml elə bir bataqlığa düşüb ki...
Moskvanın Ukraynanı işğal etməklə “SSRİ-2” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq
Rusiyanın Ukraynada bataqlığa düşməsi aydın görünür, əgər ağılları çatıb onları bu bataqlığa itəliyənləri görmədilərsə, öz günahlarıdır. İndi də çabaladıqca daha dərinə batırlar – Ukraynaya “SSRİ”-ni bərpa edəcəyi xülyası ilə girən Rusiya artıq MDB-nin, KTMT-nin dağılmasının da əsasını qoydu.
KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-fakto işlək institut olmadığı ilk dəfə Ermənistanın həyasızlığından sonra üzə çıxdı, indi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa, “qətl” edilir – KTMT-nin nizamnaməsinə görə təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa, bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdır.
40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbass bölgəsini öz ərazisi elan etdi, Rusiyanın indiki Konstitutsiyasına görə, həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə, indi Rusiya “təcavüzə” uğrayıb, "işğala" məruz qalır, "əraziləri" atəşə tutulur, torpaq itkisi ilə üzləşir – amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT bir qırağa, heç öz əhalisini belə, məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib. Kremlin əsl məğlubiyyəti məhz budur.
Moskvanın Ukraynanı işğal etməklə “SSRİ-2” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq, MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq, bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər –Səmərqənddə TDT rəhbərlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”