Azərbaycan İranı ABŞ və İsraillə baş-başa buraxır
Dünyada ikiyə bölünmüş bütün xalqlar birləşirsə, biz nədən bu haqqımızı tələb etməyək?!
İranla münasibətlər durmadan gərginləşir. Səbəb aydındır. Səbəbkar da məlumdur. Rəsmi Tehran Azərbaycana qarşı heç bir əxlaqa, ölçüyə, qonşuluq prinsiplərinə sığmayan rəftara əl atdı. Sərhədlərimizə yaxın ərazilərdə artıq neçənci dəfədir hərbi təlimlər keçirir. Həmçinin Ermənistanla bağlı siyasətində dəyişiklik etmir. Bizi hədələyir, şantaj edir.
Bu davranışı cavabsız qoymadıq. Azərbaycan dövləti İranı ən həssas yerindən “vurmağa” başlayıb. İranla bağlı əsas və vacib ideoloji silahı işə salmışıq. Güney Azərbaycan faktoru qabardılaraq informasiya savaşının önəmli amilinə çevrilib. Hətta televiziya efirindən aparıcılar güneyli soydaşlarımızı salamlayırlar. Bu, Azərbaycan dövlətinin İrana qarşı ən tutarlı cavabıdır. Oradakı Azərbaycan türklərinin milli oyanışı, haqları uğrunda ayaqlanması, İran rejiminə qarşı təşkilatlanıb meydanlara çıxması rəsmi Tehran üçün ölümcül zərbə olar.
İranda rejim dəyişikliyində maraqlı olan, orda xaotik proseslərin, mərkəzdənqaçma sürəcinin baş verməsi üçün illərdir çalışan iki əsas qüvvə – ABŞ və İsrail bu durumdan necə istifadə edə bilər? Məlumdur ki, Prezident İlham Əliyev Vaşinqtonun və Təl-Əvivin İranla bağlı planlarında Azərbaycandan bu və ya digər formada istifadə edilməsinə heç vaxt razı olmayıb. Buna qarşı çıxıb. Əslində, İlham Əliyev hakimiyyətdə olduğu 19 ildə İranı ABŞ-ın, İsrailin planlarından, hücumlarından qoruyub. Heç vaxt ölkəsinin plastdarm kimi istifadə edilməsinə imkan tanımayıb. Prezident Əliyev bunu qonşuluq ənənələrinə, prinsiplərinə sadiq olduğu üçün edib. Həmçinin İran kimi mürəkkəb bir ölkəyə ABŞ hərbçisinin, əsgərinin girməsinin Azərbaycan üçün də arzuolunmaz nəticələr doğuracağından narahatlıq ifadə edilib. Ən əsası isə İranda yaşayan soydaşlarımızın, müsəlman bacı-qardaşlarımızın təhlükəsizliyi məsələsi nəzərə alınıb.
İran bu illər ərzində Azərbaycana qarşı pisliyindən qalmayıb. Ən böyük pisliyi torpaqlarımızı işğal edən, dinc vətəndaşlarımızı qətlə yetirən, kəndlərimizi, şəhərlərimizi xaraba qoyan Ermənistana qucaq açıb, nəfəslik olmasıdır. Adında “İslam Respublikası” sözləri olan bir dövlətin İslamın təməl dəyərlərini təhqir edən Ermənistanla müttəfiqlik, dostluq büsatı qurması anormal bir hərəkətdir. Prezident İlham Əliyev Şuşada Zəfər Günü ilə bağlı tədbirdə çıxışında bunu satqınlıq, riyakarlıq adlandırıb. Təsəvvür edin, Qarabağda dini abidələri dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanla İranın necə bir dostluğu ola bilər? Bu dostluğu şərtləndirən səbəblər bizə aydındır. İran Azərbaycanı heç vaxt həzm edə bilməyib. Özünə təhdid görüb. Güneylə Quzeyin nə zamansa birləşməsi perspektivi Tehranın yuxusunu qaçırıb.
Dünyada ikiyə bölünmüş bütün xalqlar, ölkələr birləşirsə, biz nədən bu haqqımızı tələb etməyək? Ona görə də İran Qarabağ probleminin həll edilməsini istəməyib. Bilib ki, bundan sonrakı hədəfimiz Güneylə Quzeyin birləşməsi olacaq. Azərbaycan xalqının əsas hədəfi o tayla bu tayın birləşməsidir. Bütöv Azərbaycan idealımızdır, bir nömrəli hədəfimizdir. Biz əsrlərdir bu hədəfdən əl çəkməkdik, ondan yayınmadıq. Folklorumuzda buna aid nə qədər nümunələr var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən Zəfər Paradında bir bənd bayatı söylədi, İran bir-birinə dəydi. Sayın Ərdoğanın səsləndirdiyi bayatıya İran Prezidenti səviyyəsində reaksiya verildi.
Ey İran, bu qədər rahatsızsan, özgüvənsizsən, o zaman niyə Azərbaycanla normal münasibət qurmaq əvəzinə, provokasiyalara əl atırsan? Bizə quyu qazmaq istəyirsən, bəs bilmirsən, qazdığın quyuya düşərsən, bir daha da çıxa bilməzsən?!
Azərbaycan dövləti İranın təkcə siyasi-ideoloji sahədəki təxribatlarına cavab vermir, həm də ölkəmizdəki yaratdığı agentura şəbəkəsini, terror təşkilatlarını zərərsizləşdirməklə məşğuldur. Xüsusi xidmət orqanlarının gördüyü işlərin bir qismi ilə tanışıq. Arxa planda gedən proseslər də var. O proseslər ictimaiyyətə məlum olandan daha artıqdır. Təəssüf ki, İran özünün agenturasını yalnız dini çevrələrdə bəsləmir. QHT, media, siyasətdə də belələri kifayət qədərdir.
Azərbaycan cəmiyyətinin İranın Azərbaycana qarşı ədalətsiz və əxlaqsız davranışına immuniteti çox güclüdür. Güzəştsizdir. Bu, olduqca vacib amildir. Çoxluq İrana qarşıdır. Onun müsəlmanlığa, insanlığa və əksər dəyərlərə qarşı rəftarına açıq və qəti mövqe bildirir.
Biz millət-dövlət birliyinə nail olub, Qarabağı işğaldan azad etdik. Eyni formulla İranın hədə dişini də sındırmışıq. Ümumiyyətlə, Azərbaycana qarşı olan bütün qüvvələrə verəcək cavabımız, deyəcək sözümüz var. Çünki haqlıyıq. Beynəlxalq hüquq, bəşəri haqq bizdən yanadır. Torpağımızı, millətimizi, ərazi bütövlüyümüzü müdafiə edirik. Savaşanda da öz torpaqlarımızda savaşırıq – işğalçını qovmaq üçün. Ona görə də özümüzə də, apardığımız haqq savaşına da arxayınıq. Böyük qələbə bizimlədir! Başqa yolu yoxdur.
Müəllif: Azər Ayxan (Əməkdar jurnalist)
Mənbə: “Facebook”