Əvvəl pomidor, indi də püre: təbiət mədəniyyətə qarşı
Avropa şedevlərinə qarşı “barbarlıq” davam edir
“Sonuncu Nəsil” etiraz qrupunun ekoloji ekstremistləri Potsdamdakı Barberini Muzeyində impressionist rəssam Klod Monenin “Stoqa” seriyasından olan tablosuna kartof püresi töküb, sonra özlərini divara yapışdırıblar. Qrup öz bəyanatında alman hakimiyyətindən iqlim dəyişikliyi ilə mübarizə üçün daha təsirli tədbirlərin görülməsini tələb edib.
Potsdam şəhərinin meri Mayk Şubert hadisəni "barbarlıq" adlandırıb və bildirib ki, fəallar iqlim dəyişikliyi mövzusuna “ayı xidməti” edirlər.
111 milyon avro dəyərində olan tablo şüşə ilə qorunub.
Oktyabrın 14-də başqa bir ekoloji hərəkatın fəalları Londonda Milli Qalereyada Vinsent van Qoqun “Günəbaxanlar” tablosunun üzərinə pomidor şorbası tökmüşdülər. Muzey şüşə ilə qorunan kətanın zədələnmədiyini bildirdi.
(Euronews)