Ünvanlı sosial yardımın məbləği 535 manata çatdırılır
Bir ailəyə düşən orta aylıq məbləğ 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 36 faiz artacaq
Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır. “Avronews” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.
Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.