“Məktəbli çantaları xəstəliyə səbəb olur” – DEPUTAT
Fatma Yıldırım: “Valideynlər bizə müraciət edərək müalicə üçün kömək istəyirlər”
“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir. Azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır”.
“Avronews” xəbər verir ki, bunu Milli Məclisin üzvü Fatma Yıldırım Parlamentin Elm və təhsil komitəsinin iclasındakı çıxışı zamanı deyib. Bildirib ki, bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur və bu da istər-istəməz, uşağın qaldıracağı yükü azaltmış olur.
“Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılsa da, sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya mərkəzləri yoxdur. Valideynlər bizə müraciət edərək müalicə üçün kömək istəyirlər. Başqa problemlərdən biri də regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı həkimlərin olmamasıdır. Ona görə də vətəndaşlarımız Bakıya gəlməyə məcbur olurlar. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”, - deyə deputat vurğulayıb.