Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qaydalar müəyyənləşir
Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək
Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya (terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahı) daxil edilməsi qaydası müəyyənləşir. “Avronews” xəbər verir ki, bu, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni hazırlanan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı fiziki şəxslər və qurumlar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər:
- terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;
- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar,
- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Baş Prokurorluğun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra nəzarət orqanlarının), müvafiq icra hakimiyyəti orqanının müəyyən - etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə ölkədaxili siyahıya daxil edilməsinin səbəbini öyrənmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına həmin fiziki şəxsin və ya qurumun mənsub olduğu dövlətin sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların siyahısına əlavə edilməsi üçün sorğu göndərir. Sorğuda fiziki şəxsin və ya qurumun bu Qanunda nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar və onların ətraflı eyniləşdirmə məlumatları qeyd olunur.
Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıya daxil edərək bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir, əlaqə vasitələri məlum olduqda fiziki şəxsləri və qurumları ölkədaxili siyahıya daxil edilmələri barədə məlumatlandırır.
Hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında ölkədaxili siyahıya daxil edilmənin əsasları və tətbiq olunacaq tədbirlər, habelə ölkədaxili siyahıdan çıxarılma proseduru barədə məlumat yerləşdirir.
Məhkəmə xarici dövlətin vətəndaşı olan, xarici dövlətdə qeydiyyatda olan və ya yaşayan fiziki şəxsin, həmçinin xarici dövlətdə təsis edilən, idarə edilən ve ya fəaliyyət göstərən qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin dövlətin aidiyyəti orqanlarına bu barədə yazılı formada məlumat verilməsini təmin edir.
Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı sorğu verəcək. Layihəyə əsasən, xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) birbaşa, yaxud "Cinayət işlərinə dair hüquqi yardım haqqında" qanun və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusunun Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu qanunda nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair müraciət edir. Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıya daxil edilmənin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:
- Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;
- xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;
- ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar, xarici dövlətin müvafiq qanunun mətni;
- ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;
- ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar, xarici dövlətin müvafiq cinayət qanununun mətni;
- ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun bu qanunda nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar;
- ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun Azərbaycan Respublikası ilə əlaqəsinə dair məlumatlar;
- ölkədaxili siyahıya daxil edilmənin zəruriliyinin əsaslandırılması;
- fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə olunacağı və həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin hansı səbəbdən mümkün olmadığına dair məlumatlar,
- məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.
Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, ölkədaxili siyahı terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahıdır.