Qeyri-ciddi Makron və Qarabağ probleminin açarı
Fransa Prezidentinin açıqlaması onun əlamətidir ki, o, ciddi siyasi lider deyil
Makronun açıqlamaları qeyri-ciddidir. Ona görə ki, Fransa hökumətinin belə bir siyasəti yoxdur. Yəni dövlət başçısı öz hökumətinin yeritdiyi siyasətə uyğun gəlməyən sözlər söyləyir. Deməli, bu sözlər daxili publikaya yönəlib, bu isə öz növbəsində onun əlamətidir ki, Makron ciddi siyasi lider deyil.
Əsas məsələ odur ki, sülh prosesində hərəkətlənmə var. Tərəflərin ilin sonuna qədər sülh müqaviləsi və delimitasiya sazişinin imzalana biləcəyini bəyan etmələri xeyli nikbin mövqe kimi görünsə də, onu deməyə əsas verir ki, danışıqlarda mühüm irəliləyişlər əldə olunub. Həm Əliyevin, həm də Paşinyanın sülh prosesinə Qərbin müdaxiləsinə şərait yaratmaları da doğru siyasətdir və təqdir olunmalıdır.
Təbii ki, Rusiyanı dəfn etmək hələ tezdir və Moskva prosesin içində qalır. Bu baxımdan Rusiya və Qərbin bölgədə maraqlarının necə uzlaşacağı və uzlaşmayacağı təqdirdə, onlardan birinin oyun pozucu rolunda çıxış edib-etməyəcəyi hələ ki cavabı aydın olmayan sual kimi ortadadır.
Amma hazırkı gedişat, eləcə də Ukrayna müharibəsindəki tendensiya ümid yaradır ki, 5 illik müddətin sonunda Qarabağdakı Rusiya hərbi kontingentini beynəlxalq səviyyəli missiya (məsələn, mülki müşahidəçilər qrupu) ilə əvəzləmək mümkün ola bilər.
Azərbaycan hakimiyyəti gecikmədən Qarabağ erməniləri arasından adekvat insanlar tapıb, erməni icmasının təmsilçiləri qismində onlarla dialoqa başlamalı və qarşılıqlı etimad mühiti yaratmağa çalışmalıdır. Problemin qəti həllinin açarı buradadır.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”