Maraqlı 21 dekabr: bəşəri-tarixi spesifiklik
İlkin astronomiyadan təməl dini-mifoloji inanclara qədər paralel xüsusiyyətlər
21 dekabr günü ən qədim insan sivilizasiyalarının astronomik tədqiqatlarının göstəricisidir. Ən qədim təqvimlərdən bəri bu gün sivilizasiyalarda xüsusi seçilib. Ən son örnək kimi xristianların miladi təqvimini və bayramlarını qeyd etmək olar. Bu günün astronomik hekayələri dini görüşlərin təməlinə gedəcək qədər qədimdir. Hətta o dərəcədə ki, bu prizmadan yanaşanda İsa peyğəmbər onun sonuncu prototip variantıdır.
Antik sivilizasiyalarda formalaşmış dini görüşlərdən xristianlığa qədər dinlərlə astronomiya arasında xüsusi bağlılıq olub. Hətta bu, İslam dinində də davam edib. İnsanlar əvvəllər ildırım çaxmağından qorxub səmaya, odun kəşfindən sonra oda necə sitayiş edib dinlər yaradırdısa, artıq ilkin mükəmməl sivilizasiyalar olan qədim Mesopotamiya və Misirdə insanlar Günəşi, ulduzları izləməyə başlamış, tətbiq etməyə çalışmış və bu da şübhəsiz dinlərə yansımışdı. Yüz illər boyu Günəşin izlənməsi, onun hansı bucaqdan işıq saçması, çıxması, batması, ilin hansı dövründə hansı formada olması, təbiətə təsirini izləmişlər. Günəşsiz həyatın mümkün olmayacağı onsuz da bilindiyindən, nəticədə Günəş əsas Tanrı kimi ilahiləşdirilmişdi. Ra kimi bir çox qədim Tanrı obrazları bunu sübut edib.
Qədim tədqiqatlar genişləndikcə xüsusi periodlar, xüsusi astronomik günlər ortaya çıxmışdır. Günəşin səmada 21 dekabr və ya 21 martdan etibarən fərqli formada Yer kürəsinə yansıması kəşf edilmişdir. Məhz boşuna deyildir ki, əksər sivilizasiyalarda dini xüsusi günlər bu kimi günlərə təsadüf edir. Məsələn, qlobal olaraq bütün dünyanın qeyd etdiyi Yeni il bayramı əslində ən qədim sivilizasiyalardan xristianlığa nüfuz etmiş ənənədir.
21 dekabra aid xüsusi olan əsas bir şey vardır. Qədim Mesopotamiya və Misirdəki Tanrılardan tutmuş Hindistan, Yunanıstana qədər 21 dekabr və 25 dekabr arası xüsusi tarixlərdir.
Sonuncu prototip niyə İsa dedim? Çünki elə İsa peyğəmbərin həyat hekayəsi belədir ki, ölür və 3 gün qeybə çəkilir, 25 dekabrda isə yenidən doğulur. Bu, bütün xristianlıqda müqəddəs gün olan Yenidən Doğuluş kimi qəbul olunur. Yəni, Milad bayramı (Christmas) həmin gündür. İldönümünün 31 dekabr olması formal seremoniyadır, əslində isə miladi təqvimdə yeni il bayramı 25 dekabrdır. Bunu hazırkı xristianların rəsmi dini bayramlarında hiss etmək mümkündür və bunu əyani olaraq Avropada müşahidə etdim. Katolik olan İspaniyada 31 dekabrda belə, hansısa işləyən obyekt gördüm, amma 25 dekabrda konkret olaraq bütün ölkə Milad bayramını qeyd etdiyinə görə işə çıxmadı.
21-25 dekabr tarixlərinin maraqlı astronomiya tarixi vardır. Günəş 21 iyundan sonrakı 6 ay müddətində cənub hissəyə doğru eniş perioduna keçir və 21 dekabrda üfüqdə ən dib həddə közərir. Bu gün Günəş "ölür". Həmin bu ölüm 3 gün davam edir. 25 dekabrdan isə Günəş bu ən dib vəziyyətdən ilk yuxarı sıçrayışını edir və müəyyən bucaq dərəcəsi şimala qalxır. Həmin bu 25 dekabr Günəşin dirilişi kimi dini-mifolojik məna daşımışdır. Yəni, ən qədim Tanrılardan Misirdəki Horusdan tutmuş İsaya qədər olan bütün dini yenidən doğulmalar əslində Günəşin özünün bu yenidən doğulması ilə eynilik təşkil etmişdir. Günəş bütün antik sivilizasiyalarda böyük yaradıcı qüvvə kimi əks olunmuşdur və onun izlənməsi dini-mifoloji görüşlərə ciddi təsir etmişdir.
Digər qədim dinlərdən İslam fərqlənmişdir. Məhəmməd peyğəmbər digər bir çox dini obrazlardan fərqli olaraq tam formada real bilinən, konkret tarixi-siyasi şəxsiyyət olmuşdur. Yəni, buna hansısa elmi-fəlsəfi sferada şübhə edənlər yoxdur. İslam coğrafiyası üçün isə 21 dekabrın əksi 21 mart önəmli astronomik gün olmuşdur. Hicri təqvim Məkkədən Mədinəyə köçlə başlasa da 21 mart rəqəmi Zərdüştdən İslama qədər yazın gəlişi, torpağın oyanması Yeni il kimi qəbul edilmişdir.
Bütün bunlardan başqa 21 dekabr kimi xüsusi günlər mənim hər zaman marağımda olmuşdur. İnsanı heyrətə gətirən odur ki, qədim sivilizasiyalarda, ilklərin olduğu Mesopotamiya və Misirdə insanlar neçə əsrlər boyu necə bu tip astronomik anları izləmişlər, tədqiq etməyə çalışmışlar, həmin özəllikləri qeyd edib digərlərinə ötürmüşlər. Asan iş deyil. Qədim insanlardırlar və həyatdan, modern elmdən anlayışları yoxdur. Necə həvəslə, necə səbrlə müşahidələr, riyazi və həndəsi hesablamalar aparmışlar. Həmin qədim insanların, yəni ilk tədqiqatçıların təməl işləri astronomiya elmi daxil bəşəriyyətin inanclarına, həyata baxışlarına da ciddi formada təsir etmişdir. Məhz həmin ilkin fundamentlərin çoxu hələ də müxtəlif formalarda davam etməkdədir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”