Dünyanın ən böyük 7-ci gücü olmaq imkanı – Türk birliyi
Türk dövlətləri indiki qədər heç bir zaman bu qədər yaxın və birgə olmayıb
Azərbaycan Rusiyaya nota verib. İran diplomatları isə Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edirlər. Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir. Amma məsələ eyni zamanda bütövlükdə Türk dünyasının güclənməsi ilə bağlıdır. Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmır.
Türk Dövlətləri Təşkilatı (TDT) regionda daha da real gücə çevirilincə ənənəvi Türk düşmənləri daha aktivləşirlər. Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydı, o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla, ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı.
Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla, ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu, Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdir.
Strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Bu güc bəzilərini narahat etməkdədir. Amma Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıb. Buna sevinənlər də var, narahat olanlar da.
Müəllif: Vüqar Bayramov (deputat)
Mənbə: “Facebook”