Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralananlar var
Mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb
27 yanvar 2023-cü il tarixində, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. “Avronews” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
“Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Allah şəhidimizə rəhmət eləsin!”, - deyə XİN-dən bildirilib.