ABŞ-da Hacıyev-Qriqoryan görüşü: “İrəliyə doğru konkret addımlar müəyyənləşdirdik”
Prezidentin köməkçisi: “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. “Avronews” xəbər verir ki, görüşlə bağlı ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan məlumat verib.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqlar aparması üçün ev sahibliyi etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli, məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - deyə Sallivan bildirib.
H.Hacıyev də görüşdən sonra jurnalistlərə açıqlama verib: “Biz Vaşinqtonda bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib”.
“Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə Prezidentin köməkçisi vurğulayıb.