Yol polisi sürücülərə çağırış edir
DYP avtomobil sahiblərindən ehtiyatlı olmalarını xahiş edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.
Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avronews” xəbər verir ki, BDYPİ verilən proqnozla əlaqədar sürücüləri ehtiyatlı olmağa, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyə, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağa, meteoroloji şəraitə uyğun sürət həddi seçməyə, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağa, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyə çağırıb.
Bildirilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.