Rusiyanın transgender siyasətçisi siyasətdən gedir
Buna səbəb Dövlət Dumasında LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsi olub
Rusiyanın “Vətəndaş Təşəbbüsü” Partiyasının Altay bölməsinin lideri Yuliya Aleşina öz “Telegram” kanalında siyasətdən getmək qərarına gəldiyini açıqlayıb. Buna səbəb Dövlət Dumasında LGBT təbliğatını qadağan edən qanunun birinci oxunuşda qəbul edilməsi olub.
Yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsi LGBT təbliğatının təkcə yetkinlik yaşına çatmayanlar arasında deyil, həm də böyüklər arasında yayılmasını qadağan edir. Akt mediada və ya internetdə törədildikdə, cərimə vətəndaşlar üçün 400 min rubla qədər, hüquqi şəxslər üçün isə 5 milyon rubla qədər olacaq. Əcnəbiləri 400 min rubla qədər cərimə, 15 günə qədər həbs və ya deportasiya gözləyir. Qanun layihəsinin ikinci oxunuşunda daha sərt cəzalar nəzərdə tutula bilər.
Aleşina qeyd edib ki, o, heç vaxt belə təbliğatla məşğul olmayıb, lakin o, açıq transgender qadın olduğu üçün sonrakı ictimai siyasi fəaliyyətini təsəvvür etmir: “Bir ildən çox əvvəl partiya yoldaşlarım məni “Vətəndaş Təşəbbüsü” Partiyasının rayon təşkilatının sədri seçdilər. Həmfikirlərlə birlikdə əvvəllər özünü ləğv etmək ərəfəsində olan şöbəni dirçəltməyə nail oldum. Bəli, hər şey alınmadı və o dəqiqə uğur qazanmadıq. Mövcud qanunvericiliyə zidd olaraq, məni regional parlamentin iclaslarına buraxmadılar, onlar Barnaul Şəhər Dumasının deputatlığına namizəd kimi qeydiyyatdan keçirməkdən imtina etdilər. Və əminəm ki, səbəb mənim transgender olmağımdır. Yeni qanunun qəbulu ilə daha ciddi müxalifət gözləmək olar”.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Alyoşina Şəhər Dumasına seçilmək niyyətində olduğunu bildirmişdi. Bunun üçün o, dəstək üçün 130 imza toplamalı idi. Daha sonra seçki komissiyası 59 imzanı rədd edib.
(amic.ru)