Xüsusi təyinatlılar Cənub bölgəsində: gecə basqını, pusqu, təxribat - VİDEO
XTQ hərbçiləri gecə vaxtı tapşırıqlar icra ediblər
Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib. “Avronews” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin ssenarisinə uyğun olaraq, xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq, pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.
Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib
Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.