“Ulduz müharibəsi” həyəcanı: “Biz qorxuruq...”

“Ulduz müharibəsi” həyəcanı:

“Onlar kiçikdir, lakin olduqca təhlükəlidir” - BORRELL

Dövlətlər arasında hərbi hazırlıqlar və düşmənçilik hərəkətləri getdikcə Yerətrafı və virtual məkana köçürülür. Peyklərə hücum və kiberhücum təhlükəsi artır.

Brüsseldə Avropa Kosmik Konfransının açılışında çıxış edən (Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell xatırladıb ki, bu hücumlardan biri az qala bir il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından xəbər verirdi.

Qeyd edək ki, Rusiyanın işğalından 24 saat əvvəl Ukrayna ordusunun istifadə etdiyi orbital telekommunikasiya şəbəkəsi kiberhücuma məruz qalmışdı. Şəbəkəyə daxil edilən zərərli kod onu qismən söndürə bilmişdi.

“Kosmos strateji sahəyə çevrilib, döyüş meydanı deməzdim, amma peyklərin hədəf alına biləcəyi bir yerə çevrilib. Biz peyklərdən alınan və ya əks olunan məlumatlardan son dərəcə asılıyıq. Mülki və hərbi infrastrukturumuzun çoxu peyk sistemindən asılıdır”, - deyə Borrell bildirib.

Hazırda Yer orbitində 5,5 min peyk var ki, onların 10%-i hərbi məqsədlər üçün nəzərdə tutulub. Dünyanın ən böyük müdafiə ittifaqlarından biri olan NATO kosmosu özünün əməliyyat məkanlarından biri kimi müəyyən edir.

Ali Nümayəndənin sözlərinə görə, kosmosda istifadə olunan silahlar oradakı stansiyaları və gəmiləri təhdid edə bilər: “Rusiya bu yaxınlarda öz peyklərindən birini yerüstü raketlə məhv etdi. Əgər o, bunu öz peyklərindən biri ilə edibsə, sabah bunu istənilən başqa peyklə edə bilər. Biz kosmosdakı elementlərin təhlükəsizliyindən qorxuruq”.

Aİ təmsilçisi yaranan qalıqlardan narahatdır: “Peykin məhv edilməsi ilə metal hissəciklər kosmosa daxil olur. Onlar kiçikdir, lakin uçduqları sürət o qədər böyükdür ki,  olduqca təhlükəlidir. Atmosferdə yanmayan daha böyük obyektlərin düşməsi də təhlükə yaradır”.

Mart ayında Avropa Komissiyası yeni kosmik təşəbbüsünü təqdim edəcək. Onun məqsədi vətəndaşları və kritik infrastrukturu planetin səthindən yüksəkdə baş verənlərdən qorumaqdır.

(Euronews)