Sülhməramlıların daha bir avtomobili Xankəndidən Laçına keçib
Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus minik maşını maneəsiz hərəkət edib
Azərbaycanlı etirazçılar tərəfindən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Minik maşını Xankəndidən Laçın istiqamətinə keçib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 28 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.