Saxta baba
Bir cəfəngiyyat ancaq bu qədər tez unudula bilərdi
Bu gün Leninin ölümündən 99 il keçir. Uşaq ikən bizə onu “Lenin baba”, sonralar “Proletariatın atası”, daha sonra da “Kommunizmin banisi” kimi sırımağa çalışırdılar.
Yaşadığımız ölkənin hər tərəfində o vardı – şəhər və qəsəbələr, küçə və prospektlər, kolxoz və sovxozlar, zavod və fabriklər, universitet və institutlar onu adını daşıyır, elm, sənət onu vəsf edir, gecə-gündüz, Yer-Göy ondan ibarət idi.
Oktyabr çevrilişini inqilab, “Qırmızı Terroru” “Burjuylarla Mübarizə”, məhv etdiyi milyonlarla insanı isə “xalq düşmənləri” kimi qələmə verirdilər.
Qurduğu saxta ideologiya və hər daşı qana bələnmiş ölkə yetmiş il zor-bəla yaşadı. İdeologiyası o dərəcədə saxta idi ki, çat-çat çatladı, məhv olub getdi.
Təməli o dərəcədə çürük idi ki, “Lenin babanı” indiki uşaqlar artıq tanımırlar. Bir cəfəngiyyat ancaq bu qədər tez unudula bilərdi…
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”