Bayram günlərinin hava proqnozu

Bayram günlərinin hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi üstünlük təşkil edəcək. “Avronews” bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevaya istinadən xəbər verir.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq: “Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək”.

“Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir”, - deyə Xidmət rəisi bildirib.

Tağıyeva əlavə edib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin sürətinin isə 8-13 m/s olacağı gözlənilir: “Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə 31 dekabr - 4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq”.