“Bakı”da “razborka”: Vüsal Əliyev Rusiyaya ekstradisiya olundu

“Bakı”da “razborka”: Vüsal Əliyev Rusiyaya ekstradisiya olundu

“Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbi təmin edilib”

Rusiyanın Leninqrad vilayətinin Kirovski rayonunda silahlı münaqişənin iştirakçısı olduğu iddia edilən Azərbaycan əsilli şəxs Moldova ərazisində ələ keçib. Belə bir versiya var ki, onun vurduğu zərbədən sonra həmyerlisi yıxılıb və qalxmayıb.

Avqustun 18-də Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk açıqlama verib ki, Azərbaycan vətəndaşı Vüsal Əliyev ad-soyadlı şəxs Kişinyov Beynəlxalq Hava Limanında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. O, adam öldürməyə cəhd, adam öldürmə, xuliqanlıq və qanunsuz silah əldə etmək və saxlamaqda ittiham olunur.

"Mövcud məlumata görə, müttəhim 2021-ci ilin fevralında Leninqrad vilayətinin Şlisselburq şəhərindəki kafelərdən birində atışmada iştirak edib və bu atışma zamanı bir nəfər ölüb. Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbi təmin edilib. Moldova Respublikasının səlahiyyətli orqanları təqsirləndirilən şəxsləri rusiyalı həmkarlarına təhvil veriblər”, - deyə Volk bildirib.

“47news”-un daha əvvəl yazdığına görə, Şlisselburqda ölümlə nəticələnən etnik toqquşma iştirakçılarından birinin cinayət işi məhkəməyə təqdim edilib. Dağıstandan olan 25 yaşlı gənc xuliqanlıq və iki və ya daha çox şəxsi öldürməyə cəhddə ittiham olunub. Qətldə şübhəli bilinənlərdən biri də daxil olmaqla 4 nəfər axtarışa verilib.

Qeyd olunur ki, ötən il fevralın 25-i axşam saat 23 radələrində Şlisselburq şəhərinin Zatonnaya küçəsindəki “Bakı” kafesinə on nəfərə yaxın şəxs soxulub. İçəridə azı onlarla adam qonaqları gözləyirdi. Hər iki qrupun əlində avtomat və tapança vardı. Dava dalğası təxminən beş dəqiqə davam edib - gah atışma, gah dava, gah da söhbətlər. Daha bir aktiv mərhələdən sonra kişilərdən biri yıxılıb və ayağa qalxmayıb - 39 yaşlı azərbaycanlı dünyasını dəyişib.

Kafedə etnik qrupların iqtisadi təsir sahələrini böldüyü versiya əsas kimi işlənirdi. Səbəb kimi - bir müddət əvvəl Sankt-Peterburqun Nevski rayonundakı kafelərdən birində azərbaycanlılar arasında baş vermiş münaqişə ola bilər. Görünür, “Bakı”dakı görüş “razborka” söhbəti kimi planlaşdırılıb. Kafedə 50-yə yaxın insan toplaşmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları 20 nəfərdən izahat alıblar.

(47news.ru)