Bakıda Banqladeş vətəndaşı 20 ədəd pasport və saxta vizalarla saxlanılıb
O, həmyerlilərini Avropa ölkələrinə göndərəcəyi adı ilə Azərbaycana gətirirmiş
"Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar. “Avronews” bu barədə "Azərbaycan Hava Yolları"na (AZAL) istinadən xəbər verir.
Hadisə 22 dekabr 01:05 radələrində keçirilən xüsusi baxış zamanı baş verib. Baxış zamanı əcnəbinin üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib.
Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.
Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.