Rusiyada səfərbərliyin ilk həftəsi: qorxu, ehtiyac, çarəsizlik – FOTOREPORTAJ

Rusiyada səfərbərliyin ilk həftəsi: qorxu, ehtiyac, çarəsizlik –

“Gələndə özünüzlə hər şey gətirin və evə qayıtmağı xəyalınızdan belə, keçriməyin”

Ukrayna cəbhəsinə çağırılan rusiyalı ehtiyatda olan hərbçilərin böyük təchizat problemləri var və çoxunun döyüş təcrübəsi olmasa da, göndərilməzdən əvvəl uzunmüddətli təlim planları keçirilimir. BBC-nin rus xidməti səfərbərliyin ilk həftəsinin nəticələrinə işıq salıb.

“Evə göndərməyəcəklər, ağlınızdan da keçirməyin”

Tula bölgəsindəki hərbi hissə. Bazar günü, 25 sentyabr. Komandir səfərbər edilmiş bir dəstənin qarşısında çıxış edir.

- Yaxın vaxtlarda haqqınızda qərar veriləcək. Ola bilər ki, çağırış idarəsinə göndəriləsiniz... Amma düşünməyin ki, kimsə sizi evə buraxacaq! Yığılmış səfərbərlik ehtiyatının heç biri evə göndərilməyəcək, buna ümid etməyin. Ola bilsin ki, siz bölmələrin artıq döyüşdüyü batalyonların əlavə komplektləşdirilməsi üçün göndəriləsiniz. Ola bilsin ki, bir yerdə səfərbərlik ehtiyatı yoxdursa, yaxınlıqdakı Tamanskaya, Kantemirovskaya diviziyasına göndəriləsiniz.

- Orada alkoqol olacaq?

- Şərhsiz!

- İndi işə keçirəm. Sabahdan dərslərə başlayırıq. İndiyə qədər bütün şəxsi heyət hələ hərbi forma ilə təmin edilməyib - xüsusən də kiçik ölçüləri olan, 52-ci ölçüdən aşağı olanlar. Hələ anbarda yoxdur. Amma sabah hər şeyi gətirməlidirlər. Beləliklə, sabah saat 08:30-da hamı dərsə başlayır.

- Hamı?

- Personalın 100%-i. Nə olacaq? Birincisi, bütün suallarınızın cavablandırılacağı hərbi-siyasi hazırlıq. Hara getdiyini soruşa bilərsən, hərbi-siyasi vəziyyətə görə, xəstələr xəstə deyil, səni bura niyə çağırıblar - hər şeyi orda soruşa bilərsən, Diviziyanın nümayəndəsi hər şeyi izah edəcək. Hər şeyi! Bütün suallarınıza səlahiyyətli insanlar cavab verəcəklər.

Sizə deyim - mən də təqaüdçüyəm. Mən on ildir xidmət etmirəm, məni də hərbi komissarlığa çağırıblar, gəldim və burada sizinlə eyni vəziyyətdəyəm. Beləliklə, mən istədiyim budur. Daha sonra təminatdan söhbət gedəcək. Deyəcəklər ki, sizə yataq çantası verəcəklər, ya yox. Versələr, bəs harada? Sizə ayaqqabı verəcəklər, ya verməyəcəklər? Versələr, haradan? Bütün ödəniş məsələləri üçün, ilk ödəniş nə vaxt, harada ediləcək, nə qədər alacaqsınız? Siz sabah dediyim məsələlərlə bağlı bu insanları narahat edə bilərsiniz.

Sonra üçüncü saat - dövlət sirrinin mühafizəsi üzrə zabit olacaq. O, sizə hər şeyi nöqtə-vergülünə qədər izah edəcək. Hansı telefonlar işlətmək olar? Budur, mən sizə deyəcəm, burada telefonlardan istifadə edə bilməzsiniz. Yaxalansanız, cinayət məsuliyyətinə qədər böyüyəcək məsələ.

- Burada da?

- Bəli. Buna görə də, heç kimə şəkil çəkməyi məsləhət görmürəm, hələ onları internet vasitəsilə harasa göndərməyi demirəm... Hərbi hissənin ərazisində bu, qadağandır. İndiyə qədər buna gözucu baxırlar. Mənim özümə hərbi komissarlıqda xəbərdarlıq etməyiblər ki, yalnız düyməli telefonlara icazə verilir. Ona görə də mühafizəçilər (dövlət sirrinin müdafiəçiləri – BBC) bizə dedilər ki, hələlik gözümüzü yumacağıq ki, qohumlarla əlaqə saxlayasınız.

- Bəs sonra, döyüş bölgəsində?

- Orada ümumiyyətlə olmaz. Orada əlaqə yoxdur, sim kartlar işləmir, ona görə də telefon aparmağın mənası yoxdur.

Sonra dördüncü və ya altıncı saat - taktiki məşqlər olacaq. Orada sizə nəyi, necə etmək lazım olduğunu başa salacaqlar. İşlər bu qrafikə uyğun olaraq həyata keçirilməlidir. Ola bilər ki, biz artıq xüsusi əməliyyatda iştirak etmiş insanları tapmağa çalışacağıq və onlar sizə sadəcə olaraq iki-üç cümlə ilə nəyə hazırlaşmalı olduğunuzu deyəcəklər.

- Nə vaxt silahdan istifadə edəcəyik?

- İlk silahı alan kimi. Praktiki atəş üçün ilk atəş təlimi cümə axşamına planlaşdırılıb.

- Əks halda iki həftə belə boş oturacağıq...?

- Yox, iki həftə oturmayacaqsan. Deyirəm də, hələ nə geyim təchizatımız var, nə də silahımız. Sabah bu problemləri həll etmək günüdür. Bacardığımız qədər çox silah alacağıq və hamını geyindirməyə çalışacağıq.

- Amma mən heç vaxt atəş açmamışam...

- Ona görə də sizə deyirəm. Nə bacarırısınızsa, burada öyrənin. Orada, cəbhə xəttində öyrənməyə vaxt və imkan vaxt olmayacaq.

- Dərman təminatı olacaqmı?

- Olacaq. Tibb hazırlıq məşqləri də olacaq.

- Bəs oturduğum yerdən qapının üstündəki “Çıxış” sözünü oxuya bilmirəmsə?

- Yaxşı, mən nə edə bilərəm? Çoxları mənə şikayət etməyə başlayırlar! Biz sadəcə olaraq döyüş bölməsinin rəisi ilə oturmuşduq. Adam qoltuq ağacı ilə gəzirsə... Bu, sualdır, nə bilim... Prokurorluq gəldi. Heç kim demir ki, nə edək, hamı buradadır. Xəstə olanlar sənədlərini hərbi komissarlığa təqdim etməli idilər.

Məni çağıranda çağırış komissiyasına çağırış məntəqəsində soruşurlar: "Səhhətinizdən şikayətiniz varmı?" Məni tibb işçisinin yanına göndərirlər və o deyir: “Bağışlayın, bu variant işləməyəcək!”. İndi bir tibb işçisi "xidmətə davam et" dedisə, o zaman xidmətə davam etməlisən. Mən tibb mütəxəssisi deyiləm, heç nə edə bilmirəm.

Qeyd edək ki, səfərbərlərin suallarını cavablandıran bu çıxışın lent yazısını BBC-yə ehtiyatdan orduya çağırılan hərbçilərin dostu verib. BBC hərbi hissənin adını və yerini bilir, lakin təhlükəsizlik səbəbi ilə həmsöhbətlərinin dəqiq adını dərc etmir.

Onların hekayəsi Rusiyada elan edilən səfərbərliyin ifşa etdiyi tipik problemləri birləşdirir. Bu, ehtiyatda olan hərbi qulluqçular üçün texnikanın olmaması, döyüş təcrübəsi olmayan və səhhətində problem olan şəxslərin hərbi xidmətə götürülməsi, ən əsası isə səfərbər olunanların praktiki olaraq heç bir hazırlıq keçmədən cəbhəyə göndərilməsidir.

“Belə həddi aşmaq qətiyyən yolverilməzdir”

Səfərbərliyin başlanmasından keçən həftə ərzində hərbi xidmətə çağırılan vətəndaşların hüquqlarının pozulması, hərbi kadrların təminatı və hazırlanması ilə bağlı problemlər o qədər üzə çıxıb ki, Rusiya hakimiyyəti onlara tələsik reaksiya verməli olub.

Ukraynanın işğalını dəstəkləyən onlarla kremlpərəst bloger diqqəti “yerdəki ifratlara” çəkməyə başlayıb və BBC bu məqalədə onların ritorikasından ətraflı danışıb.

Sonra bölgə rəsmiləri işə qarışdı - Prezidentin sərəncamına əsasən, səfərbərliyə çağırışı məhz qubernatorlar verməlidir. Onlar günahı hərbi komissarlıqların üzərinə atıblar - 20 bölgənin rəhbəri komissiyaların işini tənqid edib, Maqadan vilayətində isə hərbi komissar “səfərbərliyin aparılmasında yol verilən səhvlərə” görə işdən çıxarılıb.

Federal hakimiyyət orqanları da öz növbəsində qubernatorları sərt tənqid atəşinə tutub. Belə ki, sentyabrın 25-də Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: "Görünür, haradasa etiraf olunur ki, mühüm dövlət tapşırığını keyfiyyətcə yerinə yetirməkdənsə, tez hesabat vermək daha vacibdir. Bu cür həddi aşmaq qətiyyən yolverilməzdir".

Həftəsonu Putin son 14 il ərzində Rusiya ordusunun maddi-texniki təchizatına cavabdeh olan ordu generalı Dmitri Bulqakovu müdafiə nazirinin müavini vəzifəsindən azad edib. Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb. Bununla belə, hətta dövlətin nəzarətində olan medianın analitikləri iddia edirlər ki, orada aşkar edilən çatışmazlıqlar bütün məxfiliyə baxmayaraq, artıq “imkan veriləndən” kənara çıxıb, bu barədə həm televiziya şoularında, həm də sosial şəbəkələrdə ucadan danışmağa başlayıblar, amma situasiyanın düzəldilməsi barədə heç bir məlumat yoxdur.

“Hərbçilərin mismarları yoxdur”

Onlarla insanın səfərbər olduğu kənd meydanı - bəziləri kamuflyajda, bəziləri mülki geyimdə. Parapetdən cins şalvar və pencək geyinmiş bir kişi ad və soyadla çağırış edir. Ətrafında yaxınlarını yola salmağa gələn yüzə yaxın insan.

Çağırış başa çatır, bir qadın mikrofona deyir: “Hörmətli Baykalovski rayonunun sakinləri, bir daha bizim oğlanlar ölkəmizi müdafiə etməyə məcburdurlar! Bu, hamı üçün çətin olacaq - yaxınlarınız, qohumlarınız və təbii ki, sizin üçün çətin olacaq. Biz kömək etməyə hazırıq – sakinlər dünən məhsul və mallar yığıblar, sizə faydalı olacaqlar, onlardan imtina etməyin”.

Sverdlovsk vilayətinin Baykalovo kəndinin səfərbər edilmiş sakinləri müharibəyə belə yola salındı. Çıxış edən qadın kəndlilərin toplanan yardımı yenə də “Yelan düşərgələrindəki uşaqlara” göndərəcəyini bildirdi. Yelandakı bir hərbi təlim mərkəzini indi təcili olaraq hamı komplektasiya etməyə çalışır: səfərbər olunanların qohumları, yerli sakinlər və hətta Dövlət Dumasının deputatları.

Yelanın səfərbər edilmiş insanların axınına hazır olmaması faktını həm regional media, həm də yerli ictimaiyyət “VKontakte” sosial şəbəkəsində yazıb. “72.ru” nəşri mərkəzin qarşısında səfərbərlərlə dolu olan avtobusların tıxacının yığıldığını bildirib.

"Nahardan bəri burada dayanmışıq. Əsasən qırx yaşı olan kişilərdir. Onlar araq içir, qardaşlaşır, kabab bişirirlər. Çünki qarşıda naməlum tale var. Amma ümumi əhval-ruhiyyə belədir: on səkkiz yaşlı uşaqlardansa, biz getsək, daha yaxşıdır", - deyə səfərbərlərdən biri nəşrə bildirib.

Sverdlovsk rayonuna qonşu Çelyabinsk vilayətinin Beregovoy kəndindən də Yelana dörd kişi göndərilib, səfərbər olunanlardan birinin həyat yoldaşı İrinanın BBC-yə (həmsöhbətin təhlükəsizliyi üçün adı dəyişdirilib) deyib: “Dünən biz çağırış vərəqəsi aldıq. Bu gün isə göndəririk”.

O, belə bir kütləvilik üçün şərait hazırlamadan Yelana çoxlu insanın gətirildiyini təsdiqləyib: "Onlar kütləvi şəkildə hamını aparırlar, lakin hərbi hissələrdə dəhşətli sıxlıq var. Sabah yenidən bir qrup adam göndərəcəklər".

İrinanın əri ilə hələ heç bir əlaqəsi yoxdur - o, özü ilə düyməli telefon götürüb və İrina onunla yazışa bilmir.

Sentyabrın 27-də "Tipik Boqdanoviç" səhifəsində yayımlanan videoda səfərbər edilmişlərin ordu çadırlarını qar altında təlim meydançasında qurduğu görünür.

Asbestdən olan 23 yaşlı Aleksey Qolovinin anası Yelena BBC-yə bildirib ki, oğlu səfərbərlikdən sonra Yelan mərkəzinə düşüb və səfərbər olunanların çadırlarda yaşadığını təsdiqləyib: "Onlar üşüyür, şərait yoxdur, odun yoxdur, çadırlarda bir neçə taxta ilə soba qızdırırlar, anaları və həyat yoldaşları isti paltar və ərzaq yığır. Az qala yerdə yatırlar. Taxta lövhələr çadırlarda yerə düzülmək üçün göndərilib, nəm yerdə yatırlar, alt paltarlarına qədər islanırlar. Ancaq mərkəzdə daha şanslı səfərbər insanlar da var - onlar idman zalında yerdə yatırlar”.

Yelenanın oğlu heç vaxt döyüşlərdə iştirak etməyib, ancaq hərbi xidmətdə olub. 2020-ci ilin noyabrında tərxis olunub. Quşçuluq fermasında işləyirmiş: “Belə müəssisələrdən səfərbərlik olmamalıydı axı, yoxsa mən səhv başa düşdüm? Onsuz da işçilər azdır, demək olar ki, istirahətsiz işləyirdilər”.

Dövlət Dumasının deputatı Maksim İvanov - o, Sverdlovsk vilayətindən seçilib - BBC-yə Elanda səfərbər edilmiş insanların yerləşdirilməsi ilə bağlı problemlərin olduğunu təsdiqləyib. Deputatın sözlərinə görə, bunda “qeyri-adi” heç nə yoxdur və vəziyyət “tez düzəldilir”: “Düşərgə salmaq üçün qarnizona taxta və tikinti materialları lazımdır. Mirsmarlar ona görə lazımdır ki, hərbçilərin anbarlarında mismar yoxdur və onlar çadırlar üçün döşəmə vurmaqda istifadə olunurlar".

Hərbi hissənin yaxınlığındakı kənd sakinlərinin itirilmiş açarları və Yekaterinburqa taksinin qiymətlərini müzakirə etdikləri “Yelanski qarnizonu” adlı sçatda indi sadəcə olaraq hərbçilərin həyatını yaxşılaşdırmağa çalışırlar.

"Bizə çaynik, salo, portativ plitə, kibrit, şəkər, 3-ü 1-də qəhvə, sarımsaq, limon, leykoplastr, parasetamol, analgin, mukaltin, su lazımdır. Əlcəklər iş və ya trikotaj ola bilər, Dediklərimizi “Yelan zoo” mağasına gətirin", - deyə bir istifadəçi Oksana adı ilə yazıb. O, BBC-yə bildirib ki, ehtiyatda olan hərbçilər yaxşı təmin olunublar və yerli sakinlər "zəif hazırlıqlı olanlara" kömək edirlər.

"Biz arvadlar uşaqlarla necə yaşayaq? Hamının krediti var"

Əri və oğulları səfərbər olan qadınlar nə edəcəklərini bilmirlər. "Birinci əsas problem biz arvadların uşaqlarla necə yaşaya biləcəyimizdir. Hər kəsin krediti var. Kişilərimizin hansı müddətə aparılması barədə də dəqiq heç nə deyilmir", - İrina deyir.

Rusiya Mərkəzi Bankı iddia edir ki, səfərbərliyə düşənlər orduda olduqları müddətə kreditin möhlət və ya məbləğinin azaldılması üçün müraciət edə biləcəklər. İrina ümid edir ki, əri ordu ilə müqavilə imzaladıqdan sonra dövlət ailəyə pul ödəyəcək. Dövlət Duması tezliklə səfərbər olunanlara 300 min rubl birdəfəlik ödəmə haqqında qanun layihəsinin taleyini həll edəcək.

"Mən həm də I qrup əlil olan atamın qəyyumuyam, evdə oğullarımın köməyinə ehtiyacım var, ərim yoxdur", - deyə Asbestdən olan Yelena gileylənir. İşdən sonra aptekə dərman almağa gedir ki, səhərisi gün dərmanı oğluna çatdırsın. Yelenanın işdən olan həmkarları Elan hərbi hissəsinə gedəcəklər.

Yelan səfərbərlərin yerləşdirilməsi ilə bağlı problemlərin yeganə nümunəsi deyil.

“Agentstvo” nəşri öz “Telegram” kanalında Omsk yaxınlığındakı Çeryomuşki kəndindən çəkilmiş videonu yerləşdirib, bu videoda səfərbər edilənlərin elektrik enerjisi olmayan sobalı çadırlarda yerləşdirildiyi göstərilir. Onlara heç bir avadanlıq verilməyib və çöldəki temperatur isə sıfırdan aşağı düşdü.

"Agentstvo" kanalında Omsk vilayətindən başqa bir fotoşəkildə onlarla çarpayıdan ibarət anqar görünür. Nəşr iddia edir ki, səfərbər olunanların bir hissəsi hava-desant qüvvələrinin Svetli kəndindəki 242-ci təlim mərkəzinə 1000 nəfərlik anqarda yerləşdirilib və könüllülər təchizat üçün pul yığımı elan ediblər: yataq çantaları və döşəklərdən tutmuş termal kameralara və kvadrokopterlərə qədər alınmalıdır.

“Baza” kanalı səfərbər olan şəxsin özünü İsa Nurməhəmmədov kimi təqdim etdiyi və ehtiyatda olan hərbçilər üçün şəraitin göstərildiyi video yayımladı. Videoda hərbi geyimli şəxslərin yerdə yatdığı boş otaqlar görünür. "Mən burada qalmaqdan imtina edirəm. Mən vətəni müdafiə etməyə gəldim. Bizdə heç nə - çarpayı belə yoxdur...", - Nurməhəmmədov videoda bildirir.

"Üç gün Ukraynanın ətrafında dövrə vurdu"

Videoda kamuflyajlı bir adam deyir: “Bizə rəsmi olaraq döyüş bölgəsinə göndərilməmişdən əvvəl heç bir hazırlıq görülməyəcəyini söylədilər, alay komandirləri bu məlumatı rəsmən təsdiqlədilər, biz 29-da Xersona göndəriləcəyik”.

Başqa bir şəxs əlavə edir: "Heç bir hazırlıq yoxdur – nə atışma, nə də nəzəriyyə keçdilər".

Videonu sentyabrın 27-də “Birinci şöbə” hüquq müdafiə cəmiyyəti yayıb. Media videoda moskvalı Sergey Surkovun olduğunu aşkar edib. BBC onun "VKontakte" səhifəsini tapa bilib. Sergey sentyabrın 25-də öz səhifəsində yazıb: "Sabah xidmətə gedirəm, qayıtmasam, yaxşı xatırlayın və ya xatırlamayın, artıq fərq etməz".

Ertəsi gün o, kazarmadan şəklini yayımladı. Çərşənbə axşamı sosial şəbəkələrdə onun videomüraciəti peyda olanda Sergey qeydi və şəkli silib (skrinşotlar BBC-nin sərəncamında qalıb).

“Azadlıq” radiosunun suallarına cavab olaraq Sergey ətraflı cavab verməyə vaxtının olmadığını deyib, lakin onun videosundan sonra vəziyyətin kəskin şəkildə dəyişdiyini bildirib. Sergey BBC-nin “Vkontakte”-yə göndərdiyi sualları cavablandırmayıb.

“Azadlıq” radiosunun məlumatına görə, Surkov videomüraciətini Moskva yaxınlığındakı Naro-Fominsk yaxınlığındakı Kalininets şəhərindəki 2-ci Qvardiya Taman motoatıcı diviziyasından yazıb. “VÇK-OQPU” kanalı da bu hissədən səfərbər olunanların heç bir hazırlıq olmadan Ukraynaya göndərildiyi barədə yazıb. Belə ki, telekanalın məlumatına görə, Moskva yaxınlığında vəkil Nikita Kondratenko səfərbər edilib və ötən həftənin sonunda Naro-Fominska göndərilib və sentyabrın 27-də onun artıq Xarkov vilayətinə göndərildiyi bildirilib.

Kondratenko “İnsan və Qanun” hüquq firmasının hüquqşünasıdır. Büronun hüquq mərkəzinə “İnsan və Qanun” proqramının aparıcısı, Müdafiə Nazirliyinin nəzarətində olan “Zvezda” media qrupunun rəhbəri Aleksey Pimanovun oğlu Denis Pimanov rəhbərlik edir. Kondratenkonun büronun saytındakı səhifəsində qeyd olunur ki, o, “hazırda XHƏ-da iştirak etməklə ölkə qarşısındakı borcunu yerinə yetirir”.

Hüquq bürosunda BBC-nin müxbirinə bildirilib ki, Kondratenko “təcili olaraq Ukraynaya gedib”. BBC-nin Kondratenkonun özü ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb - telefonu söndürülüb, mesajlara cavab verməyib.

Nijni Novqorod sakini Alekandr Laşenkon, ehtimal ki, sentyabrın 24-25-də “Vkontakte” səhifəsində (yazılar indi silinib, lakin BBC-də hələ də skrinşotlar var) bildirib ki, o, üç gün ərzində digər çağırışçılarla avtobusda olub: “Ukraynanın harasındasa dövrə vururuq. Səfərbər olanlar öz hesablarına yemək yeməli olublar. Üç çağırışçı avtobusdan qaçıb”.

Lakin bir neçə gün sonra tağımının təlimlərə başladığını elan etdi: “Yemək yeyirik, təlim keçirik, hər şey qaydasındadır!”.

BBC dəyişikliklərin “Vkontakte”də yazdıqlarına görə olub-olmadığını soruşanda, o, bu barədə danışmaq istəməyib, çağırışçı belə cavab verib: "Heç nə deməyəcəyəm, hər şey yaxşıdır".

Səfərbər olunanların təlimsiz cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlər fonunda müdafiə naziri Sergey Şoyqu sentyabrın 27-də Qərb Hərbi Dairəsinin poliqonlarında ehtiyatda olan hərbçilərin necə təlim keçdiyini yoxlamaq üçün şəxsən gedib. “RİA Novosti” xəbər verir ki, Şoyqu hətta gecə saatlarında da keçirilən səfərbərlərin təlimində iştirak edib. “Nazir “yerləşmə şəraitinə və səfərbər edilmişlərin isti yeməklə təmin olunmasna xüsusi diqqət yetirib”, - dövlət agentliyi qeyd edib.

Müdafiə Nazirliyindən digər hərbi hissələrdə səfərbər olunanların hazırlıqsız cəbhəyə göndərilməyi planlaşdırılması ilə bağlı xəbərlərə münasibət bildirilməyib. Lakin hökumətyönlü bloqçular bu faktlara  reaksiya veriblər. Belə ki, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (Rossiya-1) əməkdaşı və Moskva Şəhər Dumasının deputatı Andrey Medvedyev “Telegram” kanalında Sergey Surkovun Naro-Fominsk yaxınlığındakı bölmədən çəkilmiş videosunu şərh edərkən yazıb: “Əgər, həqiqətən, bəzi komandirlər döyüşməyə hazır olmayan insanları cəbhəyə göndərməyin mümkün olduğuna qərar veriblərsə, mənə elə gəlir ki, həmkarım Vladimir Solovyov problemin həlli üçün universal bir resept təklif etdi”.

O, səs yazısına Solovyovun “Rossiya 1” telekanalında yayımlanan “Bazar axşamı” proqramından fraqment əlavə edib, orada aparıcı belə hərbi komandirlərin güllələnməsini və ya qısa dəstəkli bel ilə Donbasdakı cəbhə xəttinə göndərilməsini təklif edir.

(BBC)