Nüvə şantajı və “rus ruleti”
Putinin işğal etdiyi əraziləri əldən verməmək üçün hər cür çılğınlığa əl atma ehtimalı yüksəkdir
Rusiya lideri Vladimir Putin 2022-ci il fevralın 21-də Ukraynaya qarşı hərbi təcavüzə başlamaqla əlaqəli xalqa müraciətində öz aqressiv münasibətini tarixdə baş verənlərə əsaslanaraq, hətta tarixi təhrif edərək əsaslandırmağa çalışıb. Çox sərt və təhdid dolu bir dildə, bütün dünyaya meydan oxuyur. Daha sonra Ukraynanın öz torpaqlarını qorumaq əzmi qarşısında rus ordusunun divara çırpıldığı hamıya məlumdur.
Ona görə də 9 May Qələbə Günü çıxışında fərqli Putin obrazı və yanaşma var idi. Çıxış Rusiyanı, rus xalqını birləşdirmək üzərində qurulmuşdu. “Biz torpaqlarımızı qorumaq üçün qabaqlayıcı hücuma keçdik, bunu etməliydik” deməklə həm işğalı “ədalətli müharibə” çərçivəsində təqdim etməyə, həm də xalqına verdirdiyi ağır itkilərin izah verməyə çalışdı.
Xarici mesajlar da var idi - ilk növbədə ABŞ və NATO əleyhinə. Bu fonda Putinin daxili ictimaiyyətə verdiyi mesajlar daha qabarıq idi. Başqa sözlə desək, o, gərginliyin artmasının qarşısını aldı. Həm məzmun, həm də üslub dozası baxımından.
Bu kontekstdə günün müzakirələri “Bu, Putinin taktikasıdır, yoxsa süngüsü düşdüyü üçün belə danışıb, hərəkət edib?” şəklindədir. Rəylər daha çox “süngü düşdü” variantının üzərindəydi. Nəticədə sülhün və masa arxasında həllin mümkünlüyünün artdığı düşünülürdü.
Lakin son hadisələrə nəzər saldıqda həmin gün lazımınca dəyərləndirilməmiş “taktika” variantının düzgünlüyü təsdiqini tapır. Çünki indi Putin suveren bir ölkəyə hücumunu, onun torpaqlarının işğalını bir referendum və ilhaq oyunları ilə “müdafiə müharibəsinə” çevirib. İşğal etdiyi yerlərlə bağlı Ukraynaya deyir ki, “bura rus torpağıdır, almaq istəsən, cəhd etsən, birbaşa rus torpağına hücum edəcəksən”.
O, hətta dünyaya "Belə bir halda, nüvə silahı da daxil olmaqla, hər cür varianta əl atacağam" ismarıcını yollayır. Bundan dərhal sonra Putinin blef etmədiyi, yəni dəlilik ehtimalını gücləndirdiyi barədə bəyanatlar yayıldı.
ABŞ-ın buna cavabı belə oldu: “Nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli nəticələrə səbəb olacaq. Bu barədə heç düşünməyin”.
Bəli, əsl səbəb məntiq axtarmır. Amma Putinin xarakterini və onun sanksiyalarla küncə sıxışdırılmasını nəzərə alsaq, onun bunu etməyəcəyini dəqiq deyə bilmərik. Xüsusən də, Rusiyanın atom elektrik stansiyasını bombalaması kimi dəlilik nümunəsi varsa. Açığını deyim ki, biz indi kritik bir dövrdəyik ki, bütövlükdə müharibənin hətta NATO ölkələrinə yayılma riski var.
Digər ölkələrin də Ukraynaya silah dəstəyi və yardımlara görə Rusiyanın hədəfində olduğunu ifadə edən keçmiş Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq kəşfiyyatı rəisi, ordu generalı İsmail Hakkı Pekin izah edir:
“Strateji baxımdan Rusiyanın müharibədə qalib gələcəyinə şübhə yoxdur. Amma Rusiya görəndə ki, xüsusilə Ukraynaya verilən irimiqyaslı silahlar ona taktiki baxımdan müharibəni uduzdura bilər, müxtəlif ölkələrə fərqli gedişlər edə bilər. Silahın mənşəyinə və hansı ölkədən gəldiyinə görə dəlilik ola bilər. Xüsusən də qorxutma baxımından. Məsələn, Rusiyanın yeni inşa etdiyi nüvə raketində nüvə başlığı yoxdur, ancaq nüvə sistemi ilə gedir. Bununla “əlimdə belə bir silah var, dünyanın istənilən yerinə çata bilərəm, hər yerdə hədəfi vuraram” deməklə hamını, o cümlədən ABŞ-ı hədələyir. Nüvə başlığı olmayan nüvə raketi ilə sınaq. O da belə bir şey edə bilər”.
ABŞ bunu izləməklə kifayətlənəcəkmi?
Burada kritik məqam ABŞ buna necə cavab verəcəyi ilə bağlıdır. İnsanlar qorxurlar. Deyirlər ki, nüvə müharibəsi və ya nüvə silahı, raket sınaqdan keçirmə baş versə, fəlakət olacaq. Məsələn, Rusiya atdı, ABŞ dedi ki, “bu, mənə tərəf gəlir” və düyməni basdı, qitələrarası raketini atmağa başladı.
Beləliklə, ani sınaq fəlakətdir. Hazırda heç bir maneə yoxdur, hamı deyir ki, “mən nüvə silahından istifadə edə bilərəm, bunu edə bilərəm”. Belə olanda bir çox ölkələrin nüvə silahı var və çəkindirmə qüvvəsi aradan qalxdıqca müharibə ehtimalı qaçılmaz olur: “Sən bunu etsən, mən də bunu edəcəm”.
Beləliklə, belə bir sınaq son nəticədə dünya miqyasında nüvə fəlakətinə səbəb ola bilər. Onların qorxuları da budur. Hazırda Rusiya strateji oyun oynayır. İndi o, ABŞ-ın addımını gözləyir. ABŞ nə edə bilər? Baydenin dediyi tək şey budur: “Hər zaman bunu gündəmə gətirməyin, istifadə etsəniz, dəhşətli olacaq”.
Qısacası, dediyimiz odur ki, küncə sıxışdırılıb və ya diz çökməyib, necə şərh edirsinizsə edin: Putinin işğal etdiyi əraziləri əldən verməmək üçün hər cür vasitəyə, çılğınlığa əl atma ehtimalı yüksəkdir. Buraya “rus ruleti” də daxildir: ortada ciddi nüvə şantajı var...
Müəllif: Tunca Bengin
Mənbə: “Milliyet”