Rusiyada bir həftədə 15 minə yaxın sayt bloklanıb

Rusiyada bir həftədə 15 minə yaxın sayt bloklanıb

Bundan əvvəl Navalnının həbsi zamanı analoji hal yaşanmışdı

“Roskomsvoboda” məlumatlarına görə, son bir həftə ərzində Rusiya Federasiyasında 14,8 min sayt bloklanıb. Bloklanmanın əvvəlki pik həddi 2021-ci ilin aprelində Aleksey Navalnının təqibi fonunda müşahidə edilmişdi.

Dekabrın 5-dən 11-dək olan həftə ərzində Rusiyada 14,8 min sayt bloklanıb. Bu barədə dekabrın 12-də “Kommersant” bloklanmış internet resurslarının reyestrindən məlumatların uçotunu aparan “Roskomsvoboda” hüquq müdafiə təşkilatının məlumatlarına istinadən xəbər verir.

Eyni zamanda, 2,1 min sayta giriş (14 faiz) adı açıqlanmayan şöbənin qərarı ilə kəsilib.

“Ehtimal ki, bu, Baş Prokurorluqdur, çünki yükləmələrdən “qəfildən” yoxa çıxan o olub”, - deyə “Roskomsvoboda”nın sözçüsü Natalya Malışeva bildirib.

Ötən həftə bloklamanın 60 faizi məhkəmə qərarı ilə, digər 12 faizi isə Federal Vergi Xidmətinin tələbi ilə həyata keçirilib.

Əvvəlki zirvələr - 2021-ci ilin aprelində və 2018-ci ilin aprelində

Müxalifətçi siyasətçi Aleksey Navalnının təqibinə qarşı etirazlar fonunda, bir həftə ərzində 18,1 min resursa girişin bağlandığı 2021-ci ilin aprelindən bəri Rusiyada belə kütləvi bloklamalar olmayıb. Belə qərarların daha bir pik nöqtəsi 2018-ci ilin aprelində müşahidə olunub: “Telegram” messencerini bloklamaq cəhdləri fonunda 13,4 min səhifə bloklanıb.

“Roskomsvoboda”nın məlumatına görə, indiyədək, 2022-ci il ərzində Rusiya hakimiyyəti həftədə 1,5 mindən 7 minə qədər saytı bloklayıb, orta hesabla həftədə 4,9 min resurs.

(DW)