“Rəsmi Bakının bəyanatları antiterror əməliyyatları üçün mesajdır”
Səxavət Məmməd: “Qısa zamanda Laçın dəhlizində tək və ya ruslarla birgə fəaliyyət göstərilməsə, gələcəkdə problem daha da dərinləşəcək”
Ermənistan ordusu tərəfindən və Azərbaycanın Qarabağ İqtisadi Rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı erməni silahlı separatçıları tərəfindən Azərbaycan Ordusunun mövqeləri hər gün atəşə tutulur. Noyabrın 27-də düşmənin atəşkəsi pozması ilə bağlı iki dəfə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı birinci məlumatda qeyd edilir ki, noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
İkinci məlumatda bildirilir: “Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.
Atəşkəsin tez-tez pozulması bölgədə hərbi gərginliyin artacağı ehtimalını artırır. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan Ordusu bu cür təxribatlara qarşı sərt cavab verəcək. Qarabağda antiterror əməliyyatlarının keçirilməsi gündəmin əsas müzakirə mövzularındandır.
Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmmədin sözlərinə görə, əvvəllər dəqiqləşməmiş dövlət sərhədində atəşkəsin pozulması rutin hala çevrilmişdi:
- Ancaq uzun zaman idi ki, Qarabağda, daha dəqiq desək, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşkəs pozulmurdu. Ruben Vardanyan Moskva tərəfindən Qarabağa göndəriləndən, ona fəaliyyət göstərmək üçün qondarma qurumda "vəzifə" veriləndən sonra gərginliyin olacağı gözlənilən idi. Faktiki olaraq, nə sülh müqaviləsi imzalana bilir, nə də delimitasiya məsələsi öz həllini tapır. Üstəlik, Qarabağdakı ermənilər silahlandırılır. Bunun mənitiqi nəticəsi də atəşkəsin pozulması olacaqdı ki, bu, baş verir.
- Yəni gərginliyin artması əvvəlki addımların məntiqi sonudur...
- Bəli, hesab edirəm ki, bu, məntiqi sonluqdur. Azərbaycan tərəfi hələ ki, atəş nöqtələrini susdurmaqla məşğuldur. Ancaq bu, “hər zaman belə davam edəcək” mənasını vermir və verməyəcək də. Azərbaycan Ordusu müşahidələr aparır və rəsmi Bakı əmindir ki, ermənilər silahlandırılır. Bu silahlandırma, kim nə deyir-desin, Azərbaycana təhdiddir. Baş verənlər ermənilərin də beyninin məhsulu deyil. Rusiya və Fransa bölgədə gərginlik istəyir. Maraqlarını təmin etmək üçün gərginliyi hələ bir qədər də artıra bilərlər.
- Xarici İşlər, Müdafiə nazirlikləri sülhməramlılara irad tutur - həm yer adları ilə, həm silah-sursat daşınması ilə bağlı. Sülhməramlılar niyə indi fəallaşıblar?
- Gerçəkci olsaq, sülhməramlılar indi fəallaşmayıblar. Ruslar həmişə fəal idilər. Sadəcə bizim cəmiyyət bunu nədənsə gözardı edirdi. Diqqət etsək, ruslar əraziyə gələndə ilk gördükləri iş Xocavənd istiqamətində evlər tikmək oldu. Onlar qaçmaq, Qarabağda yaşamaq istəməyənləri məcbur ərazidə saxladılar. Ardınca kilsə tikdilər, Xocalıda rus dahilərinə büstlər qoydular. Hər halda, ruslar etdikləri ilə müvəqqəti qalmaq niyyətlərində olmadıqlarını açıq göstərirdilər. Qondarma rejimin "polisləri” ilə birgə Azərbaycana məxsus avtomobil karvanlarının yoxlanılması da baş vermişdi. Yeri gəlmişkən, bunu da Rusiya Müdafiə Nazirliyi rəsmi saytlarında yayımlamışdı. Bunların Azərbaycana qarşı psixoloji savaş olduğunu zamanında deyirdik. Ruslar bu əməllərini o qədər təkrarladılar, o qədər adiləşdirdi ki, artıq Azərbaycan cəmiyyəti reaksiya verməkdən də bezmişdi. Onların istədikləri də bu idi. Psixoloji savaşı lazımi yerə qədər gətirdikdən sonra artıq açıq oynamağa başladılar. Gizlin formada silah-sursatın daşındığını bilirdik. Artıq elə bir həddə gəliblər ki, texnika belə, keçirirlər. Ruslar adını qeyri-qanuni erməni silahlı dəstələri qoyduğumuz qüvvəni artıq nizami ordu səviyyəsinə gətiriblər. Təxminən Qarabağda bir diviziya həcmində silahlı qüvvə var.
- Laçın yolundan Xankəndiyə silah-sursat daşındığı rəsmi şəkildə açıqlanır. Bu açıqlamalar Azərbaycanın antiterror əməliyyatlarından əvvəl xəbərdarlığı sayıla bilərmi?
- Hesab edirəm ki, rəsmi Bakı bir qədər gecikib. Ancaq bunun dilə gətirilməsi özü də bir irəliləyişdir. Rəsmi Bakının səsləndirdiyi bəyantlar onu deməyə əsas verir ki, plan var. Əgər plan olmadan bu tip sərt açıqlamalar səsləndirilirsə, bundan sonra eyni hal yaşanarsa, Azərbaycanı heç kim ciddiyə almaz. Düşünürəm ki, siyasi böhran dərinləşib. Əgər siyasətçilər problemi çözə bilmirlərsə, silahlar işə düşür. Bu, yazılmamış qanundur. Hesab edirəm ki, rəsmi Bakının bəyantları antiterror əməliyyatları üçün mesajdır.
- Əməliyyatlar hansı formada olmalıdır?
- Əgər antiterror əməliyyatı baş verəcəksə, bunu hansısa yaşayış məntəqəsini azad etmək, hansısa yüksəkliyi görtürmək xətrinə etmək olmaz. Açıq şəkildə gördük ki, bundan əvvəlki əməliyyatlar qarşı tərəfi sülhə məcbur edə bilmədi. Azərbaycan öz suverenliyini təhdid edən Laçın dəhlizini götürmək üçün əməliyyat həyata keçirməlidir. Əgər qısa zamanda Laçın dəhlizində tək və ya ruslarla birgə fəaliyyət göstərilməsə, gələcəkdə problem daha da dərinləşəcək, təhdid daha da artacaq.
- Yəni ki, baş verənləri əsas tutan Azərbaycan Laçın yoluna vizual yox, real nəzarəti bərpa etməlidir...
- Azərbaycan Ordusu onsuz da Laçın dəhlizinə vizual nəzarət edir. Nəinki Laçın yolu, hətta Qarabağda siyasi mərkəzə çevrilməkdə olan Xankəndi belə, vizual müşahidə altındadır. Əlbəttə, bu, vacib amildir, amma təsir mexanizmi olmayandan sonra bir işə yaramır. Hesab edirəm ki, Azərbaycan Laçın dəhlizinə real nəzarət etmək üçün fəaliyyət göstərməlidir.
Onu da nəzərə almaq lazımdır ki, Laçın dəhlizi rusların da “olmazsa, olmaz”ıdır. Burda rəqib Ermənistan və separatçı rejim yox, Rusiyadır. Azərbaycan ruslarla razılığa gələ, Laçın dəhlizində birgə nəzarəti əldə edə bilər. Bu, mümkün variantlardan biridir. Digər variant isə dəhlizin bağlanmasıdır. Dəhlizin bağlanması Rusiya ilə Azərbaycanı qarşıdurmaya gətirib çıxara bilər. Azərbaycan buna getməmək üçün çalışır. Rəsmi Bakı onu da anlayır ki, oranın nəzarətsizliyi suverneliyini təhdid edir. Azərbaycan hazırda nə geosiyasi, nə də regional maraqları düşünür. Hesab edirəm ki, Azərbaycanın Rusiya və onun sülhməramlı kontingenti əleyhinə sərt bəyanatları suverenliyinə yönəlik təhdidin fərqinədə olmasında irəli gəlir.