Deputat: “Xəstə təxəyyülün məhsulu olan bu absurd təklif...”
“Nə Fransanın, nə də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək hüququ var”
“Bu, siyasi əxlaqdan, ümumiyyətlə, beynəlxalq hüquqdan tamamilə uzaq olan insanların davranışıdır. Təkliflər sırasında hətta Azərbaycana qarşı sanksiyaların tətbiqi, beynəlxalq sülhməramlıların ölkəmizə göndərilməsi, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi yer alıb”.
“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov “La Mond” qəzeti vasitəsilə 11 fransız siyasətçinin Fransa Prezidenti Emmanuel Makrona müraciətinə münasibət bildirərkən səsləndirib.
“Faktiki olaraq, hər cür beynəlxalq cinayət bizim ərazimizdə törədilib. Təsəvvür edin, əhalisi etnik təmizləməyə məruz qalan, minlərlə günahsız insanı soyqırımı və insanlıq əleyhinə cinayətin qurbanı olan, özündə müharibə cinayətlərinin bütün əlamətlərini ehtiva edən qadağan olunmuş klaster, kasset və fosfor sursatları ilə mülki əhalisi və mülki infrastrukturu məhv edilən, mədəni irsinə və ekoloji sisteminə bərpa olunmayan ziyan vurulan Azərbaycanın məsuliyyəti ortaya atılır”, - deyə o bildirib.
“Hüquqi cəhətdən yalnız xəstə təxəyyülün məhsulu olan bu absurd təklif müəlliflərinə bir daha xatırlatmaq istərdim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq, onun yurisdiksiyası iştirakçı dövlətlərin ərazisində baş verən cinayətlərə şamil olunur və yalnız milli hüquq mühafizə sisteminin bu cinayətləri təqib edə bilmədiyi və ya təqib etmək üçün iradə nümayiş etdirmədiyi hallarda işə düşə bilər. Beynəlxalq hüquqa əsasən, nə Fransanın, nə Ermənistanın Nizamnaməyə zidd olaraq, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək hüququ var. Bunu yalnız beynəlxalq cinayətlərdən uzun müddət əziyyət çəkən və mülki əhalisi ən ağır cinayətlərin qurbanı olan Azərbaycan edə bilər”, - deyə Səfərov vurğulayıb.