Milli Məclis bəyanat qəbul edib: “Ermənistana çağırış edirik ki...”

Milli Məclis bəyanat qəbul edib: “Ermənistana çağırış edirik ki...”

“Düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi”

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib. “Avronews” bəyanatın mətnini təqdim edir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin müstəsna səhifələrindən biridir. Son 200 ilə yaxın dövrdə ermənilərin həyata keçirdiyi etnik təmizləməyə birdəfəlik son qoyulması Azərbaycan tarixində yeni mərhələnin başlanmasına şərait yaradıb.

Təəssüf ki, böyük Zəfərə gedən yol xalqımıza böyük itkilər hesabına başa gəlib. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil.

İşğal olunmuş ərazilərdə erməni vandalları bütün şəhər və kəndlərimizi dağıdıb. İşğal dövründə mədəniyyət abidələrimiz məhv edilib. Azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir.

Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər etibarlı siyasi rəhbərlik fenomenidir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib.

Yenilməz döyüş əzmi və yüksək peşəkarlıq sayəsində Şuşa, digər şəhər və kəndlərimiz düşməndən təmizlənib. Daxili və xarici siyasətimiz xalqın maraqları və tələbatı üzərinə qurulub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan ilə Azərbaycan arasında olan münaqişəyə son qoyub.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri görülür, infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Azərbaycanın daha da güclənməsini təmin edəcək.

Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır. Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək”.