Pandemiya biabırçılığı

Pandemiya biabırçılığı

İdmançılar meydana maskada çıxmağa məcbur ediliblər

Çinin qadınlardan ibarət milli voleybol komandasının matça maskalı çıxması sosial mediada böyük səs-küyə səbəb olub. İstifadəçilər Çin hakimiyyətini idmançıların sağlamlığına etinasızlıq göstərməkdə günahlandırıblar - xüsusən nəzərə alaq ki, voleybolçular meydana daha yüksək səviyyədə filtirasiyanı təmin edən, eyni zamanda nəfəs almağı çətinləşdirən N95 respiratorlarında daxil olublar.

Çinli qadın voleybolçuların maska taxan fotoları sosial mediada yayılıb və Çinin ən böyük “Weibo” platformasında 16 milyon baxış qazanıb.

Çində maskaların məcburi taxılmasını şərh edən platformanın bir istifadəçisi (indi onlar həm qapalı, həm də açıq havada istifadə edilməlidir) "Liderlərimiz çox irəli gediblər" deyə yazıb.

"Hansı daha vacibdir: sağlamlıq, yoxsa nəticə? Biz idmançılarımıza qarşı məsuliyyətlə davranmalıyıq", - deyə başqa bir narazı şərhçi bildirib.

Daha bir çinli soruşur: "Qondarma pandemiyanın qarşısının alınması ilə bu fars nə vaxta qədər davam edəcək? Biz bütün dünya ölkələrinin bizə gülməsini istəyirik?".

Görüş Filippində keçirilən voleybol üzrə Asiya Kuboku çərçivəsində cümə axşamı baş tutub. Çin komandası İran idmançıları ilə qarşılaşıb.

Qalmaqal yarandıqdan sonra Çin Voleybol Assosiasiyası idmançıları maska taxmağa məcbur etmək qərarını “təcrübə çatışmazlığı” kimi əsas gətirib və ictimaiyyətdən üzr istəyib.

Assosiasiya izah edib ki, matç başlamazdan əvvəl milli komandanın liderləri digər ölkələrin idmançıları arasında koronavirusa yoluxma hallarından xəbərdar olub: “Bəzi Çin voleybolçularında isə COVID-19 simptomları aşkarlanıb”.

Koronavirusun yayılmasının qarşısını almaq üçün komanda üzvlərindən stadiona daxil olarkən maska taxmaq tələb olunub. Yığma rəhbərliyi qarşılaşma zamanı maskalı qalmağın vacib olub-olmadığını dəqiq bilmədiyindən, ilk seti oynayıb və məğlub olublar. Bundan sonra maskalarını çıxaran voleybolçular sonda 3-1 hesabı ilə qalib gəliblər.

"Komanda üzvləri maskada oynamağın zərərli olduğunu başa düşdülər və komanda bu barədə bizə vaxtında məlumat verdi", - deyə oyun təşkilatçıları bildiriblər: "Daha sonra idmançılarımız maskalarını çıxararaq matçı başa vurdular".

İdman rəsmiləri, həmçinin Çinli qadın idmançıların xaricə səyahət etməkdə çətinlik çəkdiklərini, çünki onların əksəriyyətinin əvvəllər koronavirusa məruz qalmadığını iddia edirlər.

Çin səlahiyyətliləri əhalidə sürü toxunulmazlığını inkişaf etdirməkdənsə, infeksiyanın yayılmasının tamamilə qarşısını almağa çalışdığı sözdə "sıfır COVID" siyasətini həyata keçirirlər. Ölkədə hələ də dünyanın ən sərt karantin məhdudiyyətlərindən bəziləri var.

Bu, ilk dəfə deyil ki, idmançılar oyun zamanı maska taxmağa məcbur edilir. Bundan əvvəl analoji tədbirlər Kanadanın qadın komandaları ilə Rusiya Olimpiya Komandası arasında keçirilən xokkey matçı zamanı da tətbiq edilib: hər iki komandanın oyunçuları test nəticələrini gözləyərkən “təhlükəsizlik səbəbi ilə” maska taxmağa məcbur olublar. Testlər mənfi nəticə verdikdə, xokkeyçilərə maskalarını çıxarmağa icazə verilib.

(BBC)