Lukaşenkonun “gəmisi” Putinlə birlikdə batacaq

Lukaşenkonun “gəmisi” Putinlə birlikdə batacaq

Tixanovskaya: “Kreml siyasi və iqtisadi baxımdan Lukaşenka rejimini dəstəkləyir”

Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya hesab edir ki, Ukraynanın Rusiya üzərində qələbəsi Kremldəki rejimi və deməli, Belarusdakı rejimi zəiflədəcək. Eks-prezidentliyə namizədin fikrincə, hüquq müdafiəçisi Ales Byalyatskiyə Nobel Sülh Mükafatı verilməsi belaruslular üçün onların mübarizəsinin beynəlxalq arenada təsirsiz ötüşmədiyinə dair aydın siqnaldır.

“Bu, belaruslular üçün onların mübarizəsinin dünyada göründüyünə, mübarizələrinin vacib olduğuna dair aydın siqnal idi. Ales isə azad cəmiyyətimizin görkəmli nümayəndəsi kimi Nobel Komitəsi üçün əla seçim idi. Rejim tərəfindən isə, əlbəttə ki, bu xəbər tamamilə nəzərə alınmadı”, - deyə Tixanovskaya bildirib.

Mükafatı onun adından qəbul edən Byalyatskinin həyat yoldaşı Nataliya Pinçuk ərinin “beynəlxalq diktaturalara” qarşı mübarizəyə çağırışını çatdırıb. Mesajda Rusiyanın məzlum xalqın səsinə məhəl qoymadığı, Rusiya hərbi bazalarının yerləşdiyi, geniş iqtisadi asılılığın tətbiq olunduğu, mədəni və linqvistik ruslaşdırmanın getdiyi Belarusda olduğu kimi Ukraynada da yerlərdə “asılı diktatura” qurmağa çalışdığı qeyd edilir.

Tixanovskaya deyib: "Bizim imkan pəncərəmiz Ukraynadakı müharibənin nəticəsi ilə sıx bağlıdır. Ukraynalılar qalib gələndə - ki, bu, mütləq bütün dünyanın köməyi və dəstəyi ilə baş verəcək - Kreml rejimi zəifləyəcək. Deməli, Belarusdakı rejim də zəifləyəcək. Çünki Kreml siyasi və iqtisadi baxımdan Lukaşenka rejimini dəstəkləyir”.

“Viasna” insan haqları mərkəzinin yaradıcısı, 60 yaşlı Ales Bialiatski ötən ilin iyulundan həbsdədir. Onu hakimiyyət tərəfindən irəli sürülən bir neçə ittihamla 12 ilə qədər həbs gözləyir.

(Euronews)