Krım əməliyyatı: Putin öz vətəndaşlarına necə divan tutdu – I HİSSƏ

Krım əməliyyatı: Putin öz vətəndaşlarına necə divan tutdu –

“Anti-terror tədbirləri” adı altında repressiya – kimləri və necə qurban seçdilər?

Krım körpüsünün partladılması ittihamı ilə Rusiya təhlükəsizlik qüvvələri səkkiz nəfəri həbs edib - onların hamısı hadisədən sonrakı bir həftə ərzində saxlanılıb. Eyni zamanda, həmin həftə axtarışlar və təqiblər tələb olunmurdu - əksinə, BBC-nin söhbət etdiyi həbs olunanların vəkilləri və qohumları təkid edirlər ki, insanlar özləri istintaqa könüllü, o cümlədən öz maşınlarında gəlib, xüsusi xidmət orqanlarının tələbi ilə oteldə qalaraq, xərc çəkib və ümumiyyətlə, təqsirsiz olduqları üçün istintaqa kömək etməyə çalışıblar.

BBC Krım körpüsünün partladılmasından sonra dəqiq kimin saxlanıldığını və bu proseslə bağlı indi məlum olanları araşdırıb.

Oktyabrın 8-i günorta saatlarında Krımda iş adamı Aleksandr Bılinin telefonuna zəng gəldi. Sankt-Peterburqdan logistika şirkətinin rəhbəri Oleq Antipov zəng edirdi. İş adamları bir-birlərini birgə əməkdaşlıqdan tanıyırdılar: Bılin meyvə-tərəvəzin topdansatışı ilə məşğul olurdu və müntəzəm olaraq Antipovun logistika şirkətindən daşınma üçün nəqliyyat sifariş edirdi.

Həmin günün səhəri Antipov Krım körpüsündə partlayış xəbərini görüb. Bir neçə saat ərzində ona məlum olub ki, yəqin, partlayan bir gün əvvəl onun sənədlərini verdiyi avtomobildir. İş adamı dərhal öz təşəbbüsü ilə Sankt-Peterburqdakı FSB şöbəsinə getməyə qərar verib ki, onlara bildiyi hər şeyi danışsın və bundan əvvəl Bılinə zəng vurub.

Bılin Antipovu dəstəklədi: "Əgər siz FSB-yə getsəniz, mən sizi tam dəstəkləyirəm. Əgər mənim köməyimə ehtiyacınız varsa, mən həmişə kömək edəcəm, ifadə verəcəm".

Bu faktı Bılinin vəkili Sergey Bizyukin təsdiqlədi. Antipov gəldi, hər şeyi danışdı. Doğrulama və təsdiq üçün, əlbəttə, Bılini çağırdılar. Bılin hər şeyi təsdiqlədi.

Hər iki iş adamı hərtərəfli dindirildikdən sonra vicdanlarına və əməkdaşlığa görə təşəkkür edilərək sərbəst buraxılıblar. Kişilər öz adi həyatlarına qayıdıblar - bir neçə gün sonra onlar terror ittihamı ilə həbs olunana qədər.

"Müəyyən edilməyəynlər"

Krım körpüsündə partlayış Vladimir Putinin 70 illik yubileyinin ertəsi günü - oktyabrın 8-i səhər tezdən baş verib. FSB-nin məlumatına görə, naməlum partlayıcı qurğu təxminən 23 ton ağırlığında tikinti polietilen plyonka ilə yükün içində gizlədilə bilərdi. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu versiyanı partlayışın ertəsi günü - oktyabrın 9-da Putinə təqdim edib.

Yük maşını ilə birlikdə körpüdə minik avtomobili də partladı, lakin görünür, bu, əsas versiya hesab edilmir. Dəqiq nəyin partladığı hələlik məlum deyil.

"Biz bu yükün partladığını və ya başqa bir şeyin olub-olmadığını bilmirik", - deyə vəkillərdən biri BBC-yə bildirib.

Buna baxmayaraq, həbs olunanların demək olar ki, hamısı plyonka yükü ilə əlaqəsi olan insanlardır. Vəkil Sergey Bizyukin BBC-yə deyib: "Onlar bu insanların hər birinin bu avtomobilin hərəkətində iştirak etməsi faktına əsaslanır və bunun əsasında cinayətdə iştirakları barədə nəticə çıxarırlar".

Yüklə heç bir əlaqəsi olmayan lipetskli Dmitri Tyajelıx adlı başqa bir şəxs “terror aktının təşkilatçılarına danışıqlar aparmaq imkanı verməkdə” ittiham olunur. BBC-nin məlumatına görə, biznesmen virtual sim kartları icarəyə verib. Tyajelıxın vəkili BBC-yə bildirib ki, müvəkkilinin günahı yoxdur və onlar işə xitam veriləcəyinə ümid edirlər.

İnsanların təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarlarda (BBC-də nüsxələri var) “naməlum” sözü 20 dəfədən çox keçir. “Qeyri-müəyyən vaxtda və yerdə”, “naməlum şəxslər”, “naməlum partlayıcı qurğu” və “onu işə salmaq üçün naməlum vasitələr”, “naməlum şəriklər”, “mütəşəkkil dəstənin şəxsiyyəti məlum olmayan şəxslərindən biri” .

Belə bir çox naməlum məqamlara baxmayaraq, eyni zamanda həbs edilmiş 8 nəfərin “cinayətkar qruplaşmaya şüurlu şəkildə, öz istəkləri ilə qoşulduqları, onun yaradılmasının məqsədlərindən xəbərdar olduqları”, “cinayət niyyəti ilə diqqətli planlaşdırma” apardığı deyilir.

Müdafiəçilərin fikrincə, bu ifadələrin heç bir əsası yoxdur. Yaxşı, bu ittiham faktiki olaraq materiallarla təsdiqini tapmırsa, onu necə şərh etmək olar?

Səkkiz müttəhimdən altısının vəkilləri (biri dedi ki, o, jurnalistlərlə prinsipial olaraq, danışmır, digəri ilə BBC hələ əlaqə saxlaya bilməyib) eyni şeyi deyirlər:

“Bir sıra təsadüfi insanlar yanlış zamanda səhv yerdə olublar”;

“Tutulmuş, kobud desək, məsuliyyətə cəlb olunmuşlar”;

“Mən deyə bilərəm ki, hazırda saxlanılanların hamısı bu hadisədə iştirak etmir”.

Bundan əlavə, həbs olunanların vəkilləri və yaxınları ən azı altı müttəhimin partlayışdan dərhal sonra FSB tərəfindən ilk dəfə dindirilməsinə və heç bir iddia irəli sürmədən sərbəst buraxılmasına diqqət çəkirlər. Onların heç biri gizlənməyə çalışmayıb, əksinə, hamısı xüsusi xidmət orqanları ilə fəal əməkdaşlıq edib. Amma bu, heç birinə kömək etməyib.

"Uzağa getmə"

Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, tikinti polietilen plyonkalı altlıqlar (paletlər) əvvəlcə Odessadan Bolqarıstana, oradan isə Gürcüstanın Poti limanına göndərilib. Potidən yük quru yolu ilə Ermənistana gəlib, orada gömrükdən keçib (Ermənistan və Rusiyanın vahid gömrük ərazisi var), daha sonra Gürcüstan və Kazbegi-Yuxarı Lars keçid məntəqəsindən keçməklə ən qısa marşrutla Krasnodar diyarının Armavir şəhərinə gəlib. Orada paletlər anbarlardan birində boşaldılıb, sonra isə Krım körpüsündə partlayacaq yeni yük maşınına yüklənib.

Gürcüstanın Axalkalaki şəhərində həyat yoldaşı və iki uşağı ilə yaşayan Ermənistan vətəndaşı, 37 yaşlı yük maşını sürücüsü Artur Terçanyan yük maşını ilə Gürcüstanın Poti şəhərindən Armavirə gedib. Terçanyanın daim əməkdaşlıq etdiyi gürcü şirkəti yüklərin daşınması üçün viber çatlarından birində sifariş götürüb. Terçanyanın vəkilinin sözlərinə görə, Gürcüstanda belələri çoxdur.

İndi sürücü "mütəşəkkil dəstənin digər üzvləri ilə birgə və razılaşdırılaraq hazırlanmış plana uyğun hərəkət edərək" Rusiya ərazisinə kamuflyajlı partlayıcı qurğu gətirməkdə ittiham olunur.

Terçanyanın vəkili Givi Bekauri bunu qəti şəkildə təkzib edir. Müdafiəçinin sözlərinə görə, yük maşını sürücüsü sadəcə öz adi işini görürdü - sifarişə uyğun olaraq yük maşını A nöqtəsindən B nöqtəsinə qədər sürürdü.

"Yükdaşıma ilə məşğul olan istənilən sürücü Terçanyanın yerində ola bilərdi. Əslində onun bəxti gətirmədi, o, səhv zamanda səhv yerə düşdü. Bu qədər. Hazırda onun bu cinayətdə iştirakına dair heç bir sübut yoxdur. Və saxtakarlıq etməsələr də, olacaq”, - deyə Givi Bekauri BBC-yə danışıb.

Naməlum partlayıcı qurğunun üç ölkədən gözə dəymədən keçə bilməsi reallığı təkcə hüquqşünasda deyil, bu ölkələrin hakimiyyət orqanlarında da şübhələr yaradır. Həm Bolqarıstan, həm Ermənistan, həm də Gürcüstan birmənalı olaraq yükün bütün lazımi yoxlamalardan tam şəkildə keçdiyini və heç bir şübhə doğurmadığını bəyan edirlər.

Xüsusilə, Gürcüstan xatırladıb ki, yük bir neçə ildir “ABŞ və Aİ-nin köməyi ilə ultrahəssas və yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş” Gürcüstan gömrük keçid məntəqələrindən dörd dəfə keçib. Ermənistanın Dövlət Gəlirləri Komitəsi (gömrüyə nəzarət edən qurum) yük maşınının marşrutunu təsvir edən və partlayıcı maddənin olmadığı qənaətinə gələn ətraflı press-reliz yayıb. Komitə aydınlaşdırıb ki, müşahidə kameralarının bütün rentgen görüntüləri və qeydləri qorunub saxlanılıb.

“Rusiya xüsusi xidmət orqanları bildirir ki, guya plastik plyonkanın içərisinə nəsə bükülübmüş. Hətta müasir texniki vasitələr də bu partlayıcını aşkar edə bilmirdi. Terçanyan partlayıcının içərisində olub-olmadığını necə yoxlamalı idi? Yaxşı, bu, absurd deyil? Srücünün yükü yoxlamaq hüququ var? O, yükü ancaq vizual olaraq yoxlaya bilər”, - deyə vəkil Givi Bekauri çaşqınlıq içində danışır.

Bütün 11 günlük yol boyu Terçanyan gecəni eyni maşında keçirdi, sürücünün özü çaşqın halda məhkəmə iclasında vəkilə dedi ki, içəridə partlayıcı olduğunu bilsə, doğrudan da maşında gecələyərdimi?

Artur Terçanyan oktyabrın 6-sı səhər Armavirdəki anbara gəlib. Orada plyonka olan altlıqlar boşaldılıb. Sürücünün onlarla başqa işi yox idi. Boşaldıqdan sonra Terçanyan əvvəlcə Pyatiqorskda bir gün keçirdi, yük maşınının boş qayıtmaması üçün yeni sifarişlə yükləndi, sonra isə beş saat dayanmağa hazırlaşdığı Yuxarı Lars keçid məntəqəsində elektron növbəyə düşdü.

"Partlayıcı daşıdığını bilsə, elektron növbəyə durmaq həqiqətən ağlabatandırmı? O, sadəcə olaraq Rusiya Federasiyasının ərazisini çoxdan avtomobili buraxaraq, tamamilə tərk edərdi", - vəkil Givi Bekauri deyib.

Elektron növbənin gəlməsini gözləyərkən Terçanyan yük maşınını yolun kənarında saxlayıb və Şimali Osetiyadakı qohumunun yanına gedib. Oktyabrın 9-da onu ziyarət edərkən təhlükəsizlik xidmətlərindən bir zəng gəlib. Sürücü dərhal könüllü olaraq onların yanına gedib.

Vəkilin sözlərinə görə, gün yarıma yaxın Terçanyan ümumiyyətlə niyə çağırıldığını başa düşməyib: “40-50-yə yaxın adam müxtəlif suallar verir, səbəbini demirlər”.

Dindirildikdən sonra Terçanyanı Simferopola aparıblar, lakin onu saxlamayıblar, sadəcə olaraq, vəkilin dediyinə görə, “uzağa getməyin” deyiblər. Belə ki, sürücü daha iki gün öz hesabına Simferopoldakı mehmanxanada yaşayıb.

“O, televizora baxanda, deyiblər ki, beş nəfər saxlanılıb”, – Terçanyanın vəkili müvəkkili ilə söhbətini danışır. Sürücü sevinib ki, cinayətkarlar saxlanılıb və onu buraxacaqlar. Nə biləydi ki, beşinci şəxs elə özü imiş.

(Davamı II HİSSƏdə)

(BBC)