Kimlərin maaşları artacaq?
Və əmək haqqı artımları neçə faiz olacaq?
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artıralacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.
Əmək haqqı artımları neçə faiz olacaq?
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. VTC-də maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqlar 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 979 manatdır.
Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək.
Müəllim və həkimlərin maaşları artacaqmı?
Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var.
Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən, dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əmək haqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.
Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)
Mənbə: “Facebook”