“Pandemiya bəlli səviyyənin altındadır, lakin...” – ÜST nümayəndəsi
Hande Harmancı: “Təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir”
“Pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir”.
“Avronews” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində açıqlama verib.
“Bütün dünyada və Azərbaycanda pandemiya bəlli səviyyənin altındadır. Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu, o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibbi sistemləri gücləndirməkdə fayda var”, - deyə o bildirib.
ÜST təmsilçisi qeyd edib ki, hesablamalara görə, aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər: “Bu baxımdan təcili yardım sistemləri səhiyyənin vacib hissəsidir və bütün dünyada bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərir. COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir”.
“Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə 12 dekabrda “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri” başlatmışıq. Həftənin məqsədi təcili yardim sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır”, - deyə Harmancı vurğulayıb.