Rusiyada qul kimi saxlanılan azərbaycanlı xilas edilib
Həmyerlimizi Həştərxanda girov saxlayırmışlar
Əslində, 21-ci əsrdə insanlar köləliyin mövcudluğunu çoxdan unutmalı idilər. Təəssüflər olsun ki, indi də elə hallar olur ki, cinayətkarlar insanı öz iradəsindən kənarda saxlamaqla, onu sözün əsl mənasında, köləyə çevirirlər.
Azərbaycan vətəndaşı İsmayıl Mustafayev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. O, oğlu Tərlan Mustafayevin dələduzluq yolu ilə Həştərxana aparıldığını bildirib.
Burada, Həştərxan ərazisində bir sahibkarla işlə bağlı görüşməli idi. Lakin xoşagəlməz bir həqiqət üzə çıxdı - Tərlanı Həştərxan vilayətinə göndərən şəxsin rusiyalı iş adamlarına külli miqdarda borcu olub. Məlum deyil ki, azərbaycanlının Həştərxana göndərilməsi borcun “iş qüvvəsi” ilə ödənilməsi xidməti idi, yoxsa sahibkarlar Tərlanı borcluya təzyiq vasitəsinə çevirmək istəyiblər.
Amma fakt faktlığında qalır: Şimali Qafqaz xalqlarına mənsub olan həmin sahibkarlar Tərlanı qanunsuz olaraq girov saxlayıblar. Ata Komitəyə bildirib ki, oğlu iki aydır Həştərxan vilayətinin Privoljski rayonundakı fermada saxlanılır və qul əməyinə məcbur edilir.
Oktyabrın 12-də məlum olub ki, Komitə Həştərxan vilayəti Azərbaycanlıları Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovla əlaqə saxlayıb, nəticədə problem həll olunub: Cəmiyyətin sədri, nümayəndə üzvləri ilə birlikdə Həştərxanda fəaliyyət göstərən Dağıstan ofisi Tərlan Mustafayevin saxlandığı yerə gedib və danışıqlar yolu ilə girovu azad etməyə nail olub.
İndi Tərlan sağ-salamat Azərbaycana vətənə qayıdıb.
(bloknot-astrakhan.ru)