“Güzgü prinsipi” əsasında anlaşma
Azərbaycandakı ermənilərə hansı hüquqlar veriləcəksə, eyni hüquqlar da Ermənistana qayıtmaq istəyən türklərə veriləcək
Son 35 ildə (hələ daha əvvəli demirəm) Ermənistan ərazisindən zorla qovulmuş türklərin indiki Ermənistan ərazisinə, öz tarixi yaşam məkanlarına qayıtması vacib hədəflərdən biri olmalıdır – bu, həm də Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən dəyərdir) gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər.
Ermənistanla bağlanacaq sülh müqaviləsində (gec-tez bu baş verəcək) bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ mütləq qeyd edilməlidir, paralel olaraq müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqlar da Ermənistana qayıtmaq istəyən türklərə veriləcək – yəni, burada “güzgü prinsipi” ilə müqavilələr imzalanmalıdır.
Məntiqlə, buna Ermənistan da razı olmalıdır, əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu, qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər.
O ki, qaldı gələcəyə, Azərbaycan əhalisi yaxın 30-50 ildə demokrafik olaraq Cənubi Qafqazın dominant toplumu olacaq – bu məsələni də kafamızın bir kənarına yazıb strateji və taktiki addımlarımızı bu proeksiyaya görə atmalıyıq.
P.S. Əgər kimsə sual verəcəksə ki, bəs erməni əsilli azərbaycanlılar Bakıya, Sumqayıta, Gəncəyə və s. qayıtmaq istəsələr, nə olacaq – deyim, gəlmək istəyənlər gəlsinlər, amma bir məsələ də var: Azərbaycanın şəhər və rayonlarından köçən erməni əsilli azərbaycanlıların bir çoxu Avropaya, ABŞ-a, Rusiyaya köçüb, onların bölgəyə geri qayıtması çətin məsələdir, amma Ermənistandan son 35 ildə qovulan 250 minə yaxın türkün böyük əksəriyyəti elə burada, Azərbaycan ərazisində, Cənubi Qafqazda yerləşib...
Müəllif: Natiq Cəfərli (ReAL Partyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”