“Ermənistan əsassız iddialar irəli sürür” – ƏLİYEV
Prezident: “Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub”
“Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistan əsassız iddialar irəli sürür. Bu iddialar tamamilə yalan və cəfəngdir”.
“Avronews” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir: “Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub”.
Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.