Dar ağacından sallanan ölkədən REPORTAJ - FOTO

Dar ağacından sallanan ölkədən

İranda qadınları niyə və necə edam edirlər?

Müxtəlif insan haqları qrupları İranda edam dalğasının yaşandığını bəyan edir. Təkcə iyulun son həftəsində orada 32 nəfər, o cümlədən ərini öldürməkdə ittiham olunan üç qadın edam cəzasına məhkum edilib.

ABŞ-da yerləşən İran insan haqları təşkilatı “Abdorrahman Boroumand Center”in icraçı direktoru Röya Boroumandın sözlərinə görə, İranda qətlə görə həbs cəzası yoxdur: ya əfv olunarsan, ya da edam.

Bəzi digər ölkələr İrandan daha tez-tez ölüm hökmü çıxarır, lakin Beynəlxalq Amnistiya Təşkilatına görə, başqa heç bir yerdə bu qədər qadın edam edilmir.

Bəs İran niyə qadınları edam edir?

“Abdorrahman Boroumand Center”in məlumatına görə, ötən həftə edam edilən üç qadından əlavə, bu ilin ilk altı ayında daha altı qadın edam edilib.

İranda ölüm hökmlərinin böyük əksəriyyəti kişilərə verilir. Bununla belə, son illərdə edam edilən qadınların sayı artmaqdadır. “Abdorrahman Boroumand” İranda 2000-ci ildən bəri qadınlara 233 ölüm hökmü çıxarıldığı barədə məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, bu qadınlardan 106-sı qətl, 96-sı isə narkotiklərlə bağlı cinayətlərə görə edam edilib. Daha bir neçə qadın zina ittihamı ilə ölüm cəzasına məhkum edilib.

Üstəlik, Mərkəzin əməkdaşlarının sözlərinə görə, bu halların cəmi 15%-i rəsmi açıqlanıb, fəallar qalanlarını siyasi məhbuslardan və ya məmurların sızmasından öyrəniblər.

Hüquq müdafiəçiləri ölüm hökmlərinin kifayət qədər çoxluğunu qanunvericilikdə çevikliyin olmaması ilə izah edirlər - dövlət ölüm hökmünü yüngülləşdirə bilməz: bağışlanma qərarı qurbanın ailəsindən gəlməlidir.

İranın məhkəmə sistemi qadınlara qarşı ayrı-seçkilik edir, hüquq müdafiəçiləri deyirlər: məsələn, qızlar üçün cinayət məsuliyyəti yaşı 9, oğlanlar üçün 15 yaş müəyyən edilib. Qadınların ifadəsinə isə həmişə kişilərin sözlərindən daha az hüquqi əhəmiyyət verilir.

Kömək yoxdur

İranlı fəal Atena Daemi keçən həftə ərini öldürdüyünə görə edam edilən qadınlardan birinə - 40 yaşlı əfqan Sənubar Cəlaliyə edamındann son anda möhlət almağa cəhd edib. Daemi ümid edirdi ki, Sənubarın ərinin ailəsi ilə danışacaq və onlardan bağışlanmalarını diləyəcək.

“Qurbanın ailəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin həbsxana rəhbərliyi bu işdə kömək etmədi. Onlar yalnız dövlət tərəfindən təyin edilmiş vəkilin telefon nömrəsini verdilər, amma o, bizim müraciətlərimizə məhəl qoymadı”, - deyə Daemi BBC-yə bildirib.

“Elə olur ki, həbsxana rəhbərliyi ailə ilə əlaqə saxlamağa kömək edir və onları qan pulunu qəbul etməyə və bağışlamağa inandırır, lakin bu, həmişə deyil”, - deyə fəal əlavə edib.

Sənubər Cəlali ilə eyni gündə edam edilən digər iki qadından biri 15 yaşında ərə gedib, digəri isə 5 ildən çox əvvəl ərini qətlə yetirdiyinə görə həbs edilib.

Röya Borumand isə nəyəsə nail ola bilib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri ilə birlikdə iki nəfəri edamdan, daha səkkiz nəfəri isə bədən üzvlərinin amputasiyasından xilas edə bilib.

Zəif müdafiə

Atena Daemi insan haqları sahəsində fəaliyyətinə görə yeddi il həbsdə yatıb. O deyir ki, İranda qadın həbsxanalarında ən sadə şərait də yoxdur və məhbuslar bəzən vəhşicəsinə döyülür: “Proses zamanı məhkəmə tez-tez qadına qarşı qərəzli münasibət göstərir, çünki İranda yalnız kişilər hakim və vəkil ola bilər”.

İran qaydalarına görə, məhkəmə müdafiə vəkilini təmin etməlidir, lakin Daemi qeyd edir ki, müdafiə vəkillərinin əksəriyyətinin keçmişdə hakim və ya prokuror olduğunu nəzərə alsaq, o qədər də faydalı deyillər: “Qətl işində günahsız olduğunu sübut etmək çox çətindir. Çünki bu işlərdə qurbanın ailəsinin sözləri təqsirləndirilən şəxsin sözlərindən daha çox ağırlıq daşıyır”.

Seksist sistem

Hazırda Norveçdə yaşayan iranlı jurnalist Asiya Amini qadınların ölüm cəzasına məhkum edilməsi hallarını yaxından izləyib. O, əmindir ki, problemin kökü İranın hüquq sisteminin özündədir.

“Qanunlara görə, ata və ata tərəfdən baba ailənin başçılarıdır və qızlarının taleyini, o cümlədən evlənmək barədə qərar verə bilərlər”, - deyə Amini BBC-yə izah edir.

“Bu, o deməkdir ki, ərə getməyə məcbur edilən qızlar ciddi problemlərlə, o cümlədən məişət zorakılığı ilə üzləşə bilər və İran məhkəmələrində boşanmaq demək olar ki, mümkün deyil”, - deyə o əlavə edir.

Jurnalistin dediyinə görə, ölümə məhkum edilən qadınlar çox vaxt "ailənin namusunu" qorumaq istəyən valideynlərinin dəstəyindən belə, məhrum olurlar: “Belə bir şəraitdə bəzi qadınlar əbədi olaraq zorakılığın qurbanı olurlar. Digərləri təcavüzkar ərlərini öldürməyi düşünməyə başlayırlar. Bu qadınların bəziləri qətli özləri və ya onlara kömək edən bir şəxsə törətdiklərini etiraf etdilər. Lakin onların demək olar ki, hamısı vurğuladı ki, məruz qaldıqları zorakılığa qarşı mübarizədə onlara dəstək olmağın bir yolu olsaydı, onlar cinayəti törətməzdilər”.

Yetkinlik yaşına çatmayanların edamı

Məhkəmələrin bəzi qadınlara münasibətinə misal olaraq Amini bir neçə kişi tərəfindən cinsi istismara məruz qalan 16 yaşlı Atefeh Sahalinin işini göstərir. Yeniyetmə qız üçün ədalət axtarmaq əvəzinə, 2004-cü ildə hakimlər onun nikahdankənar əlaqələri olduğuna qərar veriblər.

“O, həqiqətən zorlandığını, kişilərlə cinsi əlaqədə olduğunu etiraf etdiyi üçün ölümə məhkum edildi”, - deyir Amini.

Jurnalist izah edir ki, İranın İslam Cinayət Məcəlləsinə görə, kişi və ya qadın kənarda cinsi əlaqədə olduğunu etiraf edərsə, 100 şallaq cəzası alacaq. Əgər bu, üç dəfə təkrarlanarsa, dördüncü dəfə ölümə məhkum edilə bilər.

Amini deyir: “Ancaq Atefenin işində bu qeyri-insani qanun belə, tətbiq olunmadı, çünki hakimin qızın edam edilməsinə qərar verməsindən əvvəl ona cəmi iki dəfə 100 şallaq zərbəsi vurulduğunu öyrəndim. Və dördüncü dəfə bu hakimin özü - Hacı Rzai - Atefənin boynuna kəndir taxdı”.

Bu, ən dəhşətli hal deyil. Ölüm hökmü əleyhinə olan fəal Narges Mohammadi bir videogörüntü yayıb. Orada ərini öldürməkdə günahlandırılan və asılmağa məhkum edilən qadının oğlunun dar ağacında anasının ayağının altından kətili özü vurub çıxardığı əks olunub.

Mohammadi əmindir ki, öldürülən ərinin qohumları “ailənin namusunu bərpa etmək” üçün övladına çoxlu təzyiqlər ediblər.

Hədə-qorxu aləti

Amini şikayət edir ki, qanunda, məhkəmələrdə və adət-ənənələrdə ayrı-seçkilik qadınları çıxılmaz vəziyyətə salır - onlar ya cinayətkar, ya da qurban ola bilərlər. Amma jurnalist bu silsilə edamları necə dayandıracağını bilmir.

“Müxtəlif həbsxanalarda məhbuslarla bağlı oxşar hadisələri izlədiyim illər ərzində belə bir qəddar cəzanın İran hökumətinə necə fayda verəcəyini heç vaxt anlamırdım”, - deyə o bildirir.

Röya Boroumandın öz fikri var. İran həbsxanaları siyasi məhbuslarla və narkotiklə bağlı işlərə görə məhkum olunanlarla doludur. Buna görə də İran hakimiyyəti qurbanların ailələrinə təzyiq göstərir və yer boşaltmaq üçün onlardan tez qərar vermələrini - edam və ya əfv etməyi tələb edir. Boroumandın fikrincə, bu tələsiklik daha çox insanın dar ağaclarına göndərilməsinə səbəb olur.

Hüquq müdafiəçisi hakimiyyətin də ağır cəzalar çıxarmaqda gizli məqsədləri olduğundan şübhələnir: "Bu yaxınlarda Tehranda bir nəfər qolu kəsilməyə məhkum edilib. Bu amputasiyaları həyata keçirmək üçün ölkənin hər yerindən bura məhkumları gətirirlər. Bu, geniş şəkildə açıqlanmır, amma hər şeyi edirlər ki, cəzalar barədə məlumat kütlələrə sızsın və hökumət əleyhinə fəallar arasında qorxu yaratsın”.

İran hökuməti BBC-nin sorğularına cavab verməyib, lakin İranın məhkəmə sistemi əvvəllər edamların qanuni olduğunu və ölkənin beynəlxalq öhdəliklərini (imzalanmış sazişləri) pozmadığını bildirib. İran hökuməti dəfələrlə işgəncə və zorla etiraflar barədə xəbərləri təkzib edib.

(BBC)