Azərbaycanlı etirazçılardan sülhməramlılar qarşısında yeni tələb
Aksiya iştirakçıları bəyan ediblər ki, 10 noyabr razılaşmalarının bütün müddəlar icra olunmur
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin, ictimai fəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirdikləri etiraz aksiyası davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etirazçılar bir neçə yeni tələb irəli sürüblər.
Belə ki, aksiya iştirakçıları Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılması tələbini irəli sürüblər.
Onlar bəyan ediblər ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Birgə Bəyanatın müddəaları tam icra olunmadığı üçün Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postları qurulmalıdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.