Azərbaycan Ordusunun polkovniki minaya düşüb
Faktla bağlı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb
İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. “Avronews” bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir.
O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Nəticədə sol ayağı dizdən aşağı amputasiya olunub.
Kəlbəcər hərbi prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, iyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.