“Mən Pitbulla Azərbaycanda döyüşmək istərdim”

“Mən Pitbulla Azərbaycanda döyüşmək istərdim”

Tofiq Musayev: “Osmana bir döyüşçü kimi hörmət edirəm, amma tezliklə onunla döyüşməyi planlaşdırmıram

Yüngül çəkidə çempion tituluna əsas iddiaçı Sidney Outlaunu “Bellator” bayrağı altında debüt döyüşündə məğlub etdikdən sonra, azərbaycanlı döyüşçü Tofiq Musayev növbəti rəqibi kimi divizionun mövcud çempionu Patriki Freyri görmək istəyir. Bu qarşıdurmaya əlavə intriqa Musayevin 2019-cu ildə Rizin bayrağı altında, hakimlərin yekdil qərarı ilə braziliyalı üzərində qələbə qazanmasıdır.

Musayev “Bellator 283”-dən sonra mətbuat konfransında deyib: “Mən Pitbulla evdə - Azərbaycanda döyüşmək istərdim – bu, əla olardı. Hər təlim-məşq toplanışı ilə daha yaxşılaşıram və əminəm ki, bu, maraqlı döyüş olacaq”.

Musayev onun kimi “Bellator”un yüngül çəkidə qızılına can atan Osman Nurməhəmmədova qarşı döyüş haqqında nə düşündüyü sualını da cavablandırıb: “Bizim Osmanla yaxşı dostluq münasibətimiz var. Mən ona bir döyüşçü kimi hörmət edirəm, amma tezliklə onunla döyüşməyi planlaşdırmıram. Planım Pitbulla döyüşməkdir. Müsahibələrin birində dedi ki, revanş istəyir, gəlsin, bunu edək”.

Xatırladaq ki, yüngül çəkidə Tofik Musayevlə Sidney Outlau arasında keçirilən döyüş birinci raundun 27-ci saniyəsində azərbaycanlının texniki nokautla qələbəsi ilə başa çatıb.

(fighttime)