“Azərbaycan Ermənistandan keçməklə nəqliyyat marşrutları əldə edəcək” – PAŞİNYAN
Baş nazir: “Bu layihə təkcə Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya Federasiyası, Uzaq Şərq ölkələri, Afrika regionu, bütövlükdə Yaxın Şərq üçün çox vacibdir”
“Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb. Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycandan, Azərbaycan isə Ermənistandan keçməklə nəqliyyat marşrutları əldə edəcək”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışı zamanı səsləndirib.
O bildirib ki, qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir: “Ümid edirik ki, yaxın gələcəkdə Rusiyanın dəstəyi ilə bu problemi həll edəcəyik”.
“Ermənistan ərazisindən cənubu şimalla, qərbi şərqlə birləşdirəcək yollar keçəcək. Hesab edirəm ki, bu layihə təkcə Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya Federasiyası, Uzaq Şərq ölkələri, Afrika regionu, bütövlükdə Yaxın Şərq üçün çox vacibdir”, - deyə Paşinyan vurğulayıb.
(TASS)