“Bizə 30 il vaxt və 25 milyard dollar vəsait lazımdır” – PREZİDENT
İlham Əliyev: “Son iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”
“Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsini həll etmək üçün, təxminən, 30 il və 25 milyard ABŞ dolları lazımdır. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır”.
“Avronews” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb: “İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”.