Xocavənddə partlayış: xəsarət alan var
Rayonun işğaldan azad edilmiş ərazisində fəhlə minaya düşüb
Xocavənd rayonunda mina partlayışı olub. “Avronews” Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.
Məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb: “Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur”.
Xocavənd Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində, 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.