Havanın minimal temperaturu iqlim normasından aşağı düşüb
Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir
Yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub. “Avronews” xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.
“Cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda iqlim normasından 5.3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub. Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək”, - deyə Məmmədova bildirib.