Hərbçilərimizin cəsədlərinin genetik profili hazırlanacaq
Ədalət Həsənov: “Aşkar edilmiş sümük qalıqları yeni açılmış şöbəmizdə, bütün fiziki parametrləri qorunmaq şərti ilə xüsusi yaradılmış depolarda saxlanılacaq”
“Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan çıxan qalıqların hansısa birinin yaxın adamları bu gün həyatda yoxdursa, o zaman məhkəmə qərarı ilə onların qəbirlərindən genetik nümunə götürülərək araşdırılacaq. Bütün bu müayinələrin aparılması üçün 3-5 gün, 1 ay kifayət etmir, müəyyən vaxt lazımdır”.
“Avronews” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Edillidə səfərdə olan xarici ölkələrin hərbi attaşelərini məlumatlandırarkən açıqlama verib.
“Aşkar edilmiş sümük qalıqları yeni açılmış şöbəmizdə, bütün fiziki parametrləri qorunmaq şərti ilə xüsusi yaradılmış depolarda saxlanılacaq. Araşdırmalar başa çatandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tövsiyəsi əsasında yaxınlarına təqdim ediləcək”, - deyə direktor bildirib.
Onun sözlərinə görə, qalıqların genetik profili hazırlanaraq onlarda olan 11-12 min nümunə ilə müqayisə ediləcək və aydın olacaq ki, hansına məxsusdur.
Qeyd edək ki, kütləvi məzarlıqdan 12 skelet aşkarlanıb. Onların hərbçilərimizə məxsus olduğu bildirilir.