Turanın ayaq səsləri
Bu məqamı yüz ildir gözləyirdim
Türk dövlətləri dildə birlik üçün Ortaq Əlifba Komissiyası qurdu. Desəm ki, bu xəbəri 100 ildir gözləyirəm, yalan söyləmiş olmaram.
O qədər yaşlanmamışam, amma “100 ildir gözləyirəm” yazarkən arzumun, xəyalımın nə qədər istəkli, nə qədər dərin olduğunu ifadə etməyə çalışdım…
Türk Dünyasının böyük düşüncə adamı İsmayıl bəy Qaspıralının (1851-1914) həyatının anlamına çevirdiyi “Dildə, işdə, fikirdə birlik” fəlsəfəsinin, bütün əngəl və tabulara rəğmən, gerçək olması yolunda ilk addım atıldı.
Bir ay əvvəl Bursada keçirilən “Türk Dünyası Ortaq Əlifba Çalıştayı”nda Türk Dövlətləri Təşkilatına (TDT) təqdim olunacaq tarixi qərar qəbul edilib.
Türk Dil Kurumu (TDK) və TDT ilə əməkdaşlıq çərçivəsində keçirilən və Türk dövlətlərindən olan alimlərin öz ölkələrində istifadə olunan əlifba və tarixi proseslər haqqında məlumat verdikləri seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsi və tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Seminarda Türk Dünyası Ortaq Əlifbası üçün TDT nəzdində Ortaq Əlifba Komissiyasının yaradılması qərara alınıb.
Türk dövlətlərinin rəsmi qurumları tərəfindən təklif olunacaq 2 nəfərdən ibarət Komissiya ortaq əlifba və hazırlanacaq milli əlifbalarla bağlı TDT Ağsaqqallar Şurasına hesabat hazırlayacaq.
Komissiyanın ilk iclası Qırğızıstanda keçiriləcək. Komissiya birgə əlifba araşdırmalarını incələyərək Ağsaqqallar Şurasına hesabat verəcək.
Anadolu Agentliyinə görə, seminarda Atatürk Ali Mədəniyyət, Dil və Tarix Şurasının sədri Muhammet Hekimoğlu və Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqalı Həsən Həsənov da iştirak edib.
Həsən Həsənov görkəmli dövlət və siyasət xadimi, təcrübəli diplomat olmaqla bərabər həm də tanınmış tarixçi alim və araşdırmaçıdır. Bu baxımdan Həsən müəllimin bu tarixi addımların atılmasında çox faydalı işlər görəcəyinə inanmımız tamdır.
Bu sətirləri yazarkən bir türk dostum zəng vurdu. Ona ortaq əlifba haqda danışdım. “Məqalə yazsan, adını nə qoyardın?”, - deyə soruşdu.
Mən də “Turanın ayaq səsləri” deyəcəkdim. Amma demədim. Göz dəyməsin deyə…
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”